Höccət Hacıyev: Rəhmətlik Şirin kişinin bir sözü var idi... - MÜSAHİBƏ
08.05.2012 - 14:01
Höccət Hacıyev: Rəhmətlik Şirin kişinin bir sözü var idi... - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın icraçı-direktoru Höccət Hacıyevın apasport.az saytına müsahibəsi

- Komandanız Premyer Liqanın XXXI turunda “Qəbələ” ilə oyunda qələbəni əldən verməklə, avrokuboklara vəsiqənin qazanılmasını təxirə saldı. Bu qarşılaşma barədə nə düşünürsünüz?
- Yəqin ki, həmin matçın hakimliyini gördüz. Qapımıza vurulan qol zamanı rəqib futbolçumuza qarşı kobudluq etmişdi. Əsl “bedro priyomu” idi. Bizim isə təmiz qolumuz qeydə alınmadı.

- Hakimliklə bağlı şikayət də etmisiniz. Nəsə dəyişəcəyinə ümid var?
- Şikayəti nahaqdan etməmişik. Belə hakimlikdən şikayət edərlər də.

- Qarşıda “Qarabağ”la çətin oyununuz var. Mövsümün son sınağından nə gözləyirsiniz?
- Komanda bu qarşılaşmaya adi çempionat oyunu kimi hazırlaşır. Amma bu matça çox ciddi yanaşırıq. Maraqlı qarşılaşma olacaq, azarkeşlər yaxşı futbol izləyəcəklər.

- Bu qarşılaşmanın nəticəsi həm “Xəzər Lənkəran”, həm də “Qarabağ”ın avrokubok taleyinə aydınlıq gətirəcək. Şansları necə dəyərləndirirsiniz?
- Öncədən proqnoz vermək çətindir. Bildiyim odu ki, maraqlı olacaq. Hər 2 komandanın Avropa Liqasına yüksəlməsinin bu matçdan asılı olması da çox şeydən xəbər verir.

- Belə vacib oyun öncəsi “Xəzər Lənkəran”ın futbolçusu Julius Vobayın prinsipial rəqibiniz “Neftçi”yə keçidi haqda xəbər yayılıb...
- Bunu kim deyir?

- Vobay özü bildirib ki, artıq “Neftçi”nin futbolçusudur...
- Vobay çox şey deyə bilər. Onun deməsi ilə deyil ki? Julius “Xəzər Lənkəran”ın futbolçusu olmasaydı, FİFA onu bizə qaytarmazdı. Bilirsiniz ki, ali futbol qurumu da onun bizə məxsus olduğunu təsdiqləmişdi.

- Mövsümün sonunda Vobayın müqavilə müddəti başa çatmır ki?
- Vobay dekabra qədər “Xəzər Lənkəran”ın futbolçusudur.

- Son vaxtlar yerli klublar “Xəzər Lənkəran”ın legionerlərinə göz dikir. Əvvəllər Radomir Todorov, Mario Souza, Dieqo Qusmao, Junior Osvaldo, Uinston Parks, indi də Vobay. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bu nədəndir? Rəhmətlik Şirin kişinin bir sözü var idi, hamısı zəmanədəndir. Mən də bunu məhz Şirin kişinin sözlərindəki kimi qiymətləndirirəm.