Bülənt Korkmaz: “Bakı” daha realdı
18.05.2012 - 23:05
Bülənt Korkmaz: “Bakı” daha realdı
“Bakı”nın sabiq baş məşqçisi, Türkiyə futbolunun canlı əfsanəsi Bülənt Korkmazın apasport.az saytına müsahibəsi

- Yenidən “Bakı”nın baş məşqçisi postuna qayıtmağınız müzakirə obyektinə çevrilib. Bu perspektivə necə baxırsınız?
- Açığı, hələlik rəsmi təklif almamışam. Bu üzdən nə olub-olmayacağını deyə bilmərəm.

- Təklif adlığınız klublar varmı?
- Var. Özü də bir neçə klubdan.

- Hansılardır?
- Adlarını deyə bilmərəm.

- Türkiyə Superliqası təmsilçiləridir?
- Həm Türkiyədən, həm də xaricdən.

- Gələcək taleyinizə nə vaxt aydınlıq gələcək?
- 1 həftəyə danışıqlar başa çatacaq. Ancaq yekunlaşmamış, anlaşma əldə olunmamış bir şey demək doğru olmazdı.

- Yenidən “Bakı”nın baş məşqçisi olmaq istərdiniz?
- Bu klubunun prezidenti Hafiz Məmmədova böyük hörmətim var. O, mənim üçün çox dəyərli, sevimli bir insandır. Təklif olarsa, danışıqlar stolu arxasına əyləşib, danışmaq olar. Ancaq təklif yoxdusa, nəsə demək tezdir.

- Son mövsümü Superliqa təmsilçisi “Karabükspor”da keçirdiniz. Bu komandanın baş məşqçi postundan gedişinizə səbəb nə idi?
- Rəhbərlikdən 3 illik müqavilə istədim. Çünki “Karabükspor” Superliqadan aşağı düşür, qalxır. Bu komandanın sabit olaraq yüksək liqada çıxış etməyini təmin etmək üçün zaman lazım idi ki, buna görə anlaşmanın 3 illik olmağını istədim. “Karabükspor” mənə 1 illik müqavilə təklif etdi. 1 ilə isə hədəfə çatmaq çətin olduğundan, qəbul etmədim. Bu üzdən ortaq məxrəcə gəlmədik və getməyə qərar verdim.

- “Bakı”da işlədiyiniz 6 aylıq dövr yadınızda necə qalıb?
- Artıq 2 ildir ayrılmışam. Biz 2009-10-cu illərdə birgə çalışdıq və qoyub getdiyim komanda həmin mövsüm ölkə kubokunu qazandı.

- Yeri gəlmişkən, “Bakı” yenidən Azərbaycan kubokunun qalibi oldu...
- Çox yaxşı, sevindim. Başım qarışıq olduğundan, əlaqəm olmayıb. Saytınız vasitəsilə “Bakı”nı təbrik edirəm. Biz klubla gözəl şəkildə ayrıldıq, ayrılarkən heç bir problemimiz olmadı. Onu deyə bilərəm ki, birgə çalışdığımız qısa müddətdə gözəl işlər gördük. Bu, ilk növbədə baza ilə bağlı idi. Futbolun inkişafı üçün infrastruktur çox vacibdir ki, bunu “Bakı” həyata keçirdi. O baza Azərbaycanda ən yaxşılardan biridir. Klub üçün belə gözəl şərait yaratdığına görə Hafiz bəyə minnətdaram. Yadımdadır, “Bakı”nın 1995/96 il təvəllüdlərindən ibarət yaxşı qrupu vardı. Onlara köməkçim Erhan Kılıc nəzarət edirdi. Fikrimcə, bu təvəllüdlü futbolçular yaxın gələcəkdə “Bakı”nın əsas komandasının üzvləri olacaqlar.

- “Bakı” öz yetirmələri olan bir sıra gənc futbolçuları artıq əsas komandasına cəlb edib...
- Belə olmağı lazımdır. Futbolun gələcəyi gənclərin əlindədir. Mən ora gəldiyim müddətdə hədəfimi 3 illik proqram üzərində qurmuşdum. Hesab edirəm ki, Azərbaycan klubları bu müddətdə avrokuboklarda qrup mərhələsinə düşə bilərlər. Onların bunu reallaşdırmağı daha realdı.

- Nəyə görə?
- Bazasına, infrastrukturuna, uşaq futbolunda gördüyü işlərə görə. Hesab edirəm ki, Azərbaycan klubları üçün çempionatdan, kubokdan önəmli Avropada uğur qazanmaq, qrup mərhələsinə düşməyə çalışmaqdır. Bu, Rusiyadakı “Birlik kuboku”ndakı qələbədən daha vacibdir. “Bakı”ya vəsiqə qazandığı Avroliqada uğurlar arzulayıram.

Mehman SÜLEYMANOV