Ramin Musayevin ideyasına dəstək
21.05.2012 - 12:59
Ramin Musayevin ideyasına dəstək
Növbəti mövsümdən etibarən Premyer Liqada ikinci "altılığ"ın qalibinin avrokuboklara yollanması ideyası ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına verdiyi müsahibə müzakirələrə səbəb olub.


Doğrusu, Musayevin bu təklifinin ciddi müzakirəyə ehtiyacı var. İlk baxışdan ideya mümkünsüz görünür. Amma niyə də yox?


Ölkə çempionatında "altılıq" sistemi artıq dəyişməz formata çevrilməkdədi və heç kimin şübhəsi yoxdu ki, final mərhələsində çox gərgin mübarizə gedir. Çempionatın gümüş və bürünc medalçılarının, eyni zamanda, Avropa Liqasına vəsiqə alan son 2 komandanın yalnız axırıncı turda müəyyənləşməsi də buna sübutdu (Sport-Ekspress).

İlk "altılığ"ın oyunları sözün həqiqi mənasında zövq verdi. Mübarizə o qədər maraqlı oldu ki, hətta final mərhələsində hamıdan çox xal toplayan "Qəbələ" bütün favoritlərə badalaq vurmasına, "Qarabağ" isə 4-5 tur öncə çempionluğa əsas namizədlərdən sayılmasına rəğmən, avrokuboklardan kənar qaldılar. Bu baxımdan avrokuboklara gedənlərinin siyahısı xeyli öncədən bilinən bir sıra qitə ölkələrinin milli birincilikləri ilə müqayisədə də rəqabət baxımından Premyer Liqa daha maraqlı idi.

Gəl ki, işin pis olan tərəfi ondan ibarətdi ki, bunun müqabilində ikinci "altılıq" oyunları formallıqdan başqa bir şey deyildi. Azərbaycan kimi ölkələrdə klubların əsas stimulu avrokuboklara vəsiqə qazanmaqdı. Bu, həm maddi baxımdan qazanmaq, həm də reklam üçün önəmli məqamdı. Bizdə hətta əksər vaxt elitaya gəlib-gedənlərin də yerə görə müəyyənləşmədiyini - bəzən klubların lisenziya ala bilmədiyini, bəzən də maddi cəhətdən problemlə üzləşdiyini - nəzərə alsaq, ikinci "altılıq"da final mərhələsinin formal xarakterli olduğunu deməliyik. Pul mükafatı, Musayevin də dediyi kimi, əksər klublarımız üçün önəmli deyil. Deməli, matçlara marağı artırmaq, stimul yaratmaq üçün məhz avrokuboklara vəsiqə məsələsi önəmlidi.

Düzdü, PFL prezidentinin təklif etdiyi kimi 7-ci yerin Avropa Liqasına vəsiqə qazanması məsələsi də tam doğru addım olmaz. Bir vəsiqənin ölkə kubokundan əldə edildiyini, ümumiyyətlə isə ölkəmizə cəmi 4 yerin verildiyini nəzərə alsaq, vəziyyət mürəkkəbdi. Belə çıxır ki, ilk 2 yerin sahibi də müəyyənləşdikdən sonra daha bir vəsiqənin ikinci "altılığ"ın qalibinə verilməsi hətta bürünc medalçını da qitə arenasından kənar qoyacaq. İdman mübarizəsi baxımından da 3-4-cü yox, 7-ci yerin sahibinin Avropa Liqasına vəsiqə qazanması absurd olardı.

Ancaq eyni absurdluq ikinci "altılıq"dakı mübarizə(sizlik)də də yaşanır. Deməli, "qızıl orta"nı tapmaq üçün alternativ variant fikirləşmək lazımdı. Elə etmək lazımdı ki, nə ilk "altılıq"da oynayan komandaların hüququ tapdansın, nə də aşağıdakılar unudulsun. Çünki ikinci "altılıq" komandaları da ən azı bir şansa layiqdi. Təsnifat mərhələsinin bitimi ilə AZAL, "Rəvan", "Simurq" və "Kəpəz"in bütün motivasiyasının üstündən xətt çəkilməsi doğru deyil.

Uzağa getməyərək elə qonşu Türkiyənin çempionatına nəzər salaq. Qardaş ölkədə hətta 8-ci yeri tutan komandaların da marağı nəzərə alındı və onlar üçün Avroliqa qrupu təşkil edildi. Belədə çempionluq yarışından kənarda qalan 4 komanda son ümidlərini qovaraq Avropa Liqasına vəsiqə üçün sonadək döyüşdü və yalnız finişdə "Bursaspor" bu vəsiqəni əldə etdi.

Digər misalı Hollandiya və Belçika çempionatlarından gətirə bilərik. Bu ölkələrdə də pley-off oyunları keçirildi və yüksək yerlər uğrunda mübarizə aparmayan komandalara qitə yarışlarına düşmək üçün son şans verildi.

İşin pis tərəfi ondadı ki, klublarımız qitədə söz sahibi olmadığı üçün bizdə adı çəkilən ölkələrlə müqayisədə təmsilçi sayı azdı. 4 deyil, daha çox komanda avrokuboklara vəsiqə qazansaydı, ilk "altılıq"da medalçı ola bilməyənlərlə ikinci "altılığ"ın liderləri arasında kiçik qrup turniri təşkil etmək olardı. Ancaq mövcud şəraitdə də stimul yaratmaq üçün imkan var.

Belə ki, çempionatda 3-cü yeri tutanla 7-ci pillənin sahibi arasında pley-off matçları keçirmək olar. Məhz ikinci "altılıq"da mübarizəyə stimul yaratmaq üçün bu, vacibdi. Qoy, bürünc medalçı Avropaya yollanmaq üçün daha layiqli olduğunu daha bir oyunda sübut etsin. Deyək ki, son mövsümə əsasən, "İnter"lə AZAL həlledici qarşılaşmada üz-üzə gəlsin. "Bankirlər" məğlub olub, "təyyarəçilər" Avropa Liqasına getdiyi halda kimsə bunu ədalətsiz saya bilər.

Ancaq özünüz fikirləşin: bu məntiqlə düşünsək, 6-cı yeri tutan "Bakı"nın daha yaxşı nəticələrə malik olan "Qarabağ" və "Qəbələ"ni kənara atıb qitə arenasına çıxması nə dərəcədə düzgündü. Bütün mövsümü boşa verən, ölkə kubokunda isə 2 rəqibini lotereya sayılan penaltilərlə keçən "Bakı" da əslində Avropaya yollanmamalıydı. Amma reqlamentə uyğun olaraq strategiyasını müəyyənləşdirən "zolaqlılar" ən qısa yolla istəyinə çatdı və heç kim bunu "Qarabağ"la "Qəbələ"yə qarşı haqsızlıq kimi qəbul etmədi. Eyni şeyi 3-cü və 7-ci pillələri tutacaq komandalar arasında pley-off təşkil etməklə də qanuniləşdirmək olar.

Belədə həm ikinci "altılıq"da mübarizəyə stimul tapılar, bu yarış formallıqdan qurtular, həm də medallar uğrunda yarışanlar arasında çempionluq, gümüş medal uğrunda mübarizə daha da gərginləşər. O zaman klublar ilk "üçlüy"ə düşüb avrokuboklara getmək arxayınçılığını yaxına buraxmaz.

Hər halda bu təklif, daha doğrusu, Ramin Musayevin ortaya atdığı ideyaya bir dəstəkdi. PFL prezidenti təklifini söz xatirinə ortaya atmamalı, ona ictimai dəstək qazandırmağa çalışmalıdı. Artıq növbəti mövsümdən reqlamentə kiçik düzəlişin edilməsi vacibdi. Özünüz fikirləşin, bir var 6, bir də var 8-9 komanda avrokuboklara düşmək üçün mübarizə aparır. Sizcə, hansı daha maraqlı olar?