1-ci səhifədəki 61-ci rəqib
21.05.2012 - 17:10
1-ci səhifədəki 61-ci rəqib
2 gündən sonra Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması tarixində 185-ci qarşılaşmaya çıxacaq. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 184 oyuna çıxan komandamız bu müddətdə 33 qələbə qazanıbsa, 45 heç-heçə və 106 dəfə meydanı başıaşağı tərk edib.

Bu günədək 129 dəfə fərqlənən milli 330 dəfə topu öz qapısında görüb.

Artıq ardıcıl 4-cü dəfədir Asiya təmsilçisi ilə görüşəcək komandamız 2012-ci ildə Sinqapur (2:2), Hindistan (3:0) və Fələstinlə (0:2) qarşılaşmışdı. Həmin matçlarda olduğu kimi, yenə ilk dəfə görüşəcəyimiz rəqib - Yaponiya həm də Azərbaycanla üz-üzə gələn 61-ci komanda kimi tarixə düşəcək.

İndiyədək baş tutan qarşılaşmalardan 88-i DÇ və AÇ-lərin seçmə oyunu olubsa, millimiz 97-ci dəfə yoxlama oyunu keçirəcək. Yoldaşlıq matçları və bu tip mini turnirlərdəki görüşlərdə 25 qələbə qazanıb, 32 heç-heçə edən millimiz 39 dəfə meydandan məğlub ayrılıb. 40-cı – yubiley məğlubiyyətini almamaq üçün millimiz Şizuoka şəhərinin “Ekopa” stadionunu yenilgisiz tərk etməlidir.

Oyun baş məşqçi Berti Foqtsun bu postda 46-cı qarşılaşması olacaq. 2008-ci ilin martından fasiləsiz millinin “sükanı arxası”nda olan almaniyalı bu müddətdə 10 qələbəyə sevinib. 11 heç-heçə edən Foqtsun yetirmələri 24 dəfə meydanı başıaşağı tərk ediblər.

Futbolçularımız bu göstəricidə də yubiley – 25-ci məğlubiyyətin qarşısını almalıdır. Bu matçlarda yığmamız 37 qolun sevincini yaşayıbsa, 72 dəfə qapıçımız topu tordan çıxarıb.

Almaniyalı baş məşqçi üçün millimizlə 26-cı yoldaşlıq oyunu olacaq Yaponiya sınağınadək 7 qələbə, 8 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 23 top vuran komandamız 32-ni buraxıb.

Yaponiya FİFA reytinqinin 30-cusudur. Bu isə o deməkdir ki, “Gündoğar ölkə” təmsilçisi FİFA reytinqinin ilk səhifəsində qərarlaşıb. Məsələ ondadır ki, ali futbol qurumunun reytinq cədvəlinin hər səhifəsində 30 komanda qərarlaşır.

Yığmamız tarixində 10-cu dəfə “ilk səhifə” komandası ilə yoldaşlıq oyunu keçirir. Püşkün seçmə mərhələlərdə qrupumuza hər dəfə daxil etdiyi iddialıları nəzərə almamaqla, AFFA bunadək 9 dəfə “Top-30” ölkələrini yoldaşlıq oyunu keçirməyə razı salmışdı.

1992-ci ildə ilk yoxlama görüşünə çıxan millimiz indi 97-ci belə oyuna hazırlaşır. Təbii ki, mini turnirlər də nəzərə alınmaqla. Əvvəlki 96 qarşılaşmadan 4-ü FİFA reytinqinin yarandığı 1994-cü ilədək baş tutub. Daha 3 matçda isə yığmalardan biri aşağı yaş qrupu futbolçularından təmsil olunub.

Bu isə o deməkdir ki, millimiz 89 dəfə reytinqə malik rəqiblə qarşılaşıb. Oyun anına olan reytinqlərə əsasən Azərbaycan futbolçuları 1 dəfə ilk, 5 dəfə 2-ci, 3 dəfə 3-cü “10-luq” təmsilçisi ilə görüşüb. Yaponiya 3-cü “10-luq”dan 4-cü, “ilk səhifə”dən 10-cu oyunumuzdakı rəqibimiz olacaq.

oyun
reytinq
9 iyun 2009. YO. Bakı. Azərbaycan - İspaniya 0:6
1
12 aprel 2006. Bakı. YO. Azərbaycan – Türkiyə 1:1
11
2 iyun 2009. YO. Kayseri. Türkiyə - Azərbaycan 2:0
14
28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna 0:0
15
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan 6:0
15
29 may 2005. Tehran. YO. İran – Azərbaycan 2:1
18
18 noyabr 2009 . BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0
23
20 dekabr 2003. Ər- Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan 1:0
26
17 noyabr 2010. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan 2:0
26
23 may 2012. Sizuoka. Yaponiya – Azərbaycan
30