Mundialda oynayan futbolçu “Xəzər Lənkəran”a təklif olunub
24.05.2012 - 17:06
Mundialda oynayan futbolçu “Xəzər Lənkəran”a təklif olunub
“Antalyaspor” klubunun tunisli futbolçusu Əli Zitouninin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb. Bu haqda apasport.az saytına afrikalı legionerin meneceri Hamit Yüksəl məlumat verib.

Türkiyəli FİFA agenti bildirib ki, Superliqa təmsilçisi ilə yollarını ayıran 31 yaşlı hücumçu bu mövqeyə oyunçu axtaran “Xəzər Lənkəran”a təklif olunub: “Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Zitouni Tunis yığmasının futbolçusudur və uzun müddət “Antalyaspor”da oynayıb. Onu “Xəzər Lənkəran”a təklif etmişik. Əlinin xidmətində maraqlı olsalar, keçidini reallaşdıra bilərik”.

Karyerası daha çox vətəninə bağlı olan Zitouni 2007-ci ildən “Antalyaspor”da oynayır. Bu müddətdə 132 oyunda 22 qol vurub. Hücumçu 1999-cu ildən şərəfini qoruduğu yığmasının heyətində 45 oyunda 14 dəfə fərqlənib. 2002-ci Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının final mərhələsinin, bundan 2 il sonra Afina Olimpiadasının iştirakçısı olub.

O, “Antalyaspor”un hücum xəttində “Bakı”nın braziliyalı sabiq hücumçusu Jaba ilə birgə oynayıb. Ancaq baş məşqçi Mehmet Özdilək mövsüm bitəndən sonra 14 futbolçu ilə yollarını ayırıb ki, bunların arasında Zitouni ilə Jaba da var.

Yüksəl, həmçinin bildirib ki, gənc azərbaycanlı futbolçuların karyeralarını Türkiyədə davam etdirmələrində vasitəçi ola bilərlər: “Oyunçularınız Bank Asiya I divizionunda sərbəst oynaya bilərlər. Çünki burada onlar üçün legioner limiti yoxdur. 4-5 oyunçunuz transfer siyahımızda yer alacaq. Ancaq Bank Asiyada növbəti mövsümün başlamağına hələ çox olduğundan, bununla “transfer pəncərəsi” açılanda məşğul olacağıq”.

Qeyd edək ki, Yüksəl bir sıra türk futbolçuların, o cümlədən “Beşiktaş” və “Fənərbaxça”da çıxışı ilə tanınan Tümər Mətinin meneceri olub.

Mehman SÜLEYMANOV