Fatih Kavlak: Onlar səviyyəli futbolçulardı
25.05.2012 - 13:17
Fatih Kavlak: Onlar səviyyəli futbolçulardı
“Qəbələ”nin türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi

- Yeni transferlərlə bağlı işlər necə gedir?
- Normal. Heyətdə görmək istədiyim bəzi legionerlər var. Bu işlərlə baş menecer Zaur Əzizov məşğuldur, mənim işim futbolçunu bəyənməkdir. Həmin legionerlərə etdiyimiz təkliflərin cavabını gözləyirik. Ancaq ad açıqlamaq istəməzdim. Danışıqlar bitib, keçidləri həll olunanda məlumat verəcəyik.

- Neçə futbolçu transfer etməyi düşünürsünüz?
- 5-6.

- Hansı mövqelərə futbolçu axtarırsınız?
- Orta sahədən başqa digər mövqelərə. Yəni, qapıya, müdafiəyə və hücuma futbolçular lazımdır.

- Növbəti mövsüm üçün qarşısına çempionluq hədəfi qoyan komandanız 10 futbolçu ilə yollarını ayırıb. Gedənlərin yerini necə dolduracaqsınız?
- Bu baxımdan problem olmayacaq. Planları rəhbərliyə təqdim etmişdim. Əslində, bizə komandadakı futbolçuların sayını azaltmaq lazım idi. Yollarımızı ayırdığımız futbolçuların əksəri daha çox ehtiyatda qalanlar idi. Üstəlik, növbəti mövsümdə 21 yaşadək futbolçunun oynamağı ilə bağlı şərt qoyulduğundan, buna diqqət yetirməliyik. Buna görə də aşağı yaş qruplarımızdan 5-6 futbolçuya ehtiyac olduğundan, əsas komandaya götürəcəyik. 5-6 yeni transferi də nəzərə alsaq, 10-12 futbolçumuz olacaq. Yəni, futbolçu azlığı ilə bağlı sıxıntımız olmayacaq.

- Bildiyimizə görə, maraqlandığınız futbolçular Avropada, eləcə də Bank Asiya I Liqasında oynayırlar...
- Elədir. Bank Asiyada 1-2 futbolçu ilə maraqlanırıq. Avropadan isə 3-4 futbolçu diqqət mərkəzimizdədir.

- I liqada oynayan futbolçu komandanıza faydalı ola biləcək?
- Onlar səviyyəli futbolçulardı. Karyeralarına nəzər salanda, bunu görmək mümkündür. Yetər ki, istədiyimiz futbolçuların keçidi alınsın. Əslində, transfer etdiyin futbolçunu hər kəsin bəyənməsi önəmli deyil. Əsas odur ki, bizə faydalı olsun.

- Türkiyə Superliqasından futbolçu gətirmək çox çətindir?
- Bəli. Onların klublarıyla müqavilələri var, Yaxşı pul qazanırlar, karyeralarını elə Türkiyədə davam etdirmək istəyirlər. Buna görə hazırda Superliqada maraqlandığımız futbolçu yoxdur. İmkan olsa, dəyərləndirəcəyik. Necə ki, Yannik Kamananla bağlı bunu etdik. Onu Superliqa təmsilçisi “Mersin İdman Yurdu”ndan gətirdik. Təklif hər 2 tərəfi qane edəcəyi halda baş tutur.

- I liqada oynayan əcnəbilərdir?
- Bəli. Transfer siyahımızda türkiyəli futbolçu yoxdur.

- Rəşad Abdullayevin “Qəbələ”yə mümkün keçidi barədə nə deyə bilərsiniz?
- Yaxşı futbolçudur, maraqlanırıq. Onunla da danışıqlar aparırıq. Görək, necə nəticələnəcək, Abdullayev Bakı, yoxsa əyalətdə oynamaq istəyəcək.

- Digər yerli futbolçu transferi nəzərdə tutulub?
- Bir gənc futbolçu da var ki, onunla anlaşmaq üzrəyik. Keçid həll olanda, adını açıqlayacağıq. Əvvəldən tanıdığım futbolçudur.

- Yəqin ki, “Qarabağ”da işlədiyiniz vaxtdan tanıyırsınız...
- (gülür) Rəsmiləşəndə, biləcəksiniz. Bilirsiniz, yerli futbolçunun çoxunun klubları ilə müqavilələri var.

- Holland müdafiəçi Stiv Olferslə komandada saxlamaqla bağlı danışıqlar nə yerdədir?
- Stiv hazırda ölkəsindədir. Zaur həm də bu işlərlə məşğuldur.

- Özünüzə yeni köməkçi götürəcəyinizi demişdiniz. Bu, məsələ nə yerdədir?
- Onun adı mənim üçün məlumdur. Ancaq gəlişinin reallaşmağı üçün rəhbərliyin qərarı olmalıdır. Azərbaycana qayıdanda bu məsələ ilə bağlı vitse-prezidentimiz Fariz Nəcəfovla danışacağam.

- Yeni köməkçinizin komandada işi nədən ibarət olacaq?
- Mənim üçün məşqçinin ümumi olaraq, köməkçi olmağı daha önəmlidir. Yəni onun üçün konkret funksiyanı bölüşdürmək mənim tərzimə uyğun deyil. Komandada fiziki hazırlığı köməkçim İbrahim Bakır həyata keçirir. Mən də bu işdə ona yardımçıyam. O vaxt “Qarabağ”da işlədiyim zaman məni fiziki hazırlıq üzrə məşqçi kimi qələmə verirdilər. Əslində, digər işlərdə də baş məşqçiyə kömək edirdim. O vaxt Avroliqada bizə düşən “Rusenburq”un oyununu izləməyə yollanmışdım, rəqiblərimizin matçlarına baxıb, çalışdırıcıya məlumat verirdim.

- Sloveniyada təlim-məşq toplanışı keçəcəyiniz tam dəqiqləşib?
- Əzizov orada bir neçə otelə baxıb. Harada şərait daha yaxşı olacaqsa, yoxlama oyunları keçirmək üçün komandalar çox olacaqsa, ona üstünlük verəcəyik. Ancaq rəqiblərimiz hələ bəlli deyil. İnşallah, iyunun 26-da Qəbələdə bir araya gələcəyik. Həmin vaxta kimi bütün transferlərimiz həll olub, tam heyətlə hazırlığa başlayacaq. İyulun 13-də isə xaricə 2 həftəlik təlim-məşq toplanışına yollanacağıq.