Mureşan “Neftçi”yə təşəkkür etdi
26.05.2012 - 11:06
Mureşan “Neftçi”yə təşəkkür etdi
Azərbaycan çempionatında ardıcıl 2-ci dəfə qızıl medallara sahib olan “Neftçi”nin ünvanına Avropadan gələn təbrik məktublarının sayı artıb. Apasport.az saytının məlumatına görə, Polşa, İtaliya və Yunanıstandan gələn məktubların ardından bu dəfə Rumıniya və Avstriya çempionları bakılıları təbrik edib.

Bu mövsüm Rumıniya çempionatının qızıl medallarını qazanmış ÇFR klubunun prezidenti Pol Mureşanın imzası ilə "Neftçi"dəki həmkarı Sadıq Sadıqova göndərilən məktubda xoş sözlər əks olunub. Rumıniyalılar “Neftçi”nin onlara göndərdiyi təbrikə cavab verib: "Təbrikinizə görə Sizə klubumuz adından təşəkkürümüzü bildirmək istərdik. Azərbaycanın ən böyük klubu tərəfindən təbrik olunmağımız bizim üçün şərəf və böyük qürurdur. Qarşıdan gələn çempionatda sizə uğurlar arzulayırıq".

Avstriya çempionu "Zalsburq"un idman direktoru Peter Yoelin imzası ilə göndərilmiş məktub da cavab xarakteri daşıyır: "Səmimi məktubunuza görə minnətdarıq. Qarşıda gələn mövsümdə sizə uğurlar arzulayırıq."

Qeyd edək ki, Avstriya təmsilçisi Çempionlar liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibidir.