AZAL-ın futbolçusuna məsləhət
26.05.2012 - 16:06
AZAL-ın futbolçusuna məsləhət
Bakının AZAL klubunun futbolçusu Robert Petrov Makedoniya mətbuatının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız 34 yaşlı müdafiəçinin vətəndə çıxış etməsini istəyir.

Həmyerliləri Petrovu ölkə çempionu olaraq Çempionlar Liqasında oynamalı olan “Vardar”a çağırırlar. Onlar futbolçunun daha az qazanc olan Makedoniya çempionatına dönüşünə inanmır. Lakin bunun üçün Robertə əsas tapıb, məsləhət veriblər: Əksər futbolçular karyerasını vətənində başa vurur. Petrovun da artıq 34 yaşı var. Karyerasını bitirməyə hazırlaşırsa, Makedoniyaya dönməlidir. Onun futbolçu karyerasını başladığı “Prilep”ə qayıdışı mümkünsüzdür. Çünki bu klub artıq fəaliyyətini dayandırıb. Belə olan halda çempionun heyətinə qatılıb karyerasının son illərində öz təcrübəsi ilə komandaya kömək edə bilər.

Qeyd edək ki, Bolqarıstan vətəndaşlığı da daşıyan Makedoniya millisinin sabiq futbolçusu 2010-cu ildən AZAL-da çıxış edir.