“Xəzər Lənkəran” Avstriyada 5 futbolçunun yolunu gözləyəcək
05.06.2012 - 08:55
“Xəzər Lənkəran” Avstriyada 5 futbolçunun yolunu gözləyəcək
Bu gün “Xəzər Lənkəran” növbəti mövsümün hazırlığına başlayır. Apasport.az saytının məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək gümüş medalçı bir araya gəlib, Avstriyaya təlim-məşq toplanışına yollanır. Bu ayın 29-a qədər davam edəcək hazırlıq prosesinin müddətində dəyişikliklər ola bilər. Belə ki, 25-də UEFA-da keçiriləcək püşkə əsasən lənkəranlılar Avroliqada ilk oyununu səfərdə keçirməli olsalar, Vətənə qayıdışları bir qədər gec olacaq. Bu zaman ölkə xaricindəki hazırlığını bir qədər də davam etdirəcək “Xəzər Lənkəran” gələn ayın əvvəlində səfər matçını keçirəndən sonra ölkəmizə qayıdacaq. İlk oyun evdə olarsa, komanda bu ayın sonunda Lənkərana dönəcək.

Cənub klubu səfərə millimizin üzvləri olmadan çıxacaq. Belə ki, qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev, yarımmüdafiəçi Rahid Əmirquliyev və hücumçu Branimir Subaşiç yığmamızın son təlim-məşq toplanışından sonra istirahətə yollanıblar. Onlar “Xəzər Lənkəran”ın hazırlığına bir qədər gec – iyunun 8-dən qoşulacaq. Komandanın 1 illik fasilədən sonra Buxarest “Dinamo”sundan qaytardığı rumıniyalı müdafiəçi Manuel Skarlatake də istirahətdə olaraq, Avstriyada hazırlığa qatılacaq.