II Caspian Cup-ın ən yaxşıları
05.06.2012 - 09:15
II Caspian Cup-ın ən yaxşıları
AFFA və AccessBank-ın birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən II Caspian Cup beynəlxalq turnirinin ən yaxşı futbolçuları mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”dakı final matçından sonra keçirilən mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, AccessBank-ın İdarə Heyətinin sədri Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov mükafatları təqdim ediblər.

Əvvəlcə final oyununu idarə etmiş Orxan Məmmədovun başçılıq etdiyi hakimlərə xatirə hədiyyələri verilib. Türkiyə yığması “Fair Play” mükafatı alıb. Ardınca turnirin ən yaxşı qapıçısı adına layiq görülmüş Yaponiya yığmasının üzvü Teimosii Şiraoka mükafatlandırılıb. Sonra II Caspian Cup-ın ən məhsuldar futbolçusu – rəqib qapılarından 5 qol keçirmiş İbrahim Aripova (Qazaxıstan) hədiyyə təqdim olunub. Turnirin ən yaxşı oyunçusu Gürcüstan yığmasının üzvü Luka Zarandia seçilib. AccessBank tərəfindən təsis olunmuş ən yaxşı oyunçu nominasiyasının qalibi isə Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli olub.

II Caspian Cup beynəlxalq turnirinin qalib olmuş Gürcüstan yığmasına kuboku Məmmədov, Pospilovski və Cavadov birgə təqdim ediblər.