“Berti Foqts oğlumu milli komandaya dəvət edə bilər” – MÜSAHİBƏ
05.06.2012 - 23:02
“Berti Foqts oğlumu milli komandaya dəvət edə bilər” – MÜSAHİBƏ
Azərbaycan yığmasının futbolçusu Cem Fələyin atası Vural Fələyin apasport.az saytına müsahibəsi

- Oğlunuz 17 yaşlılardan ibarət yığmamızın heyətində “Caspian Cup” turnirində debüt etdi. Turnir və oğlunuzun çıxışı haqda təəssüratlarınız necədir?
- AFFA turniri yüksək səviyyədə təşkil etmişdi. Oğlum finala qədər keçirilən matçlarda daha yaxşı təsir bağışladı, qol da vurdu. Təəssüf ki, finalda Gürcüstana uduzdular. Ümumilikdə, razı qaldıq.

- Bakıda olduğunuz müddətdə AFFA rəhbərliyi ilə görüşünüz oldu?
- Bəli. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüm. Cemin oyunundan çox razı qalıblar ki, bu da məni bir ata kimi sevindirir. Oğlum Azərbaycan yığmasında debüt etməklə, haqqında yaxşı fikir formalaşdırıb. Hətta ola bilər ki, əsas yığmaya cəlb olunsun.

- Bu, nə vaxt reallaşa bilər?
- 7-8 aydan sonra, yəni gələn il. Məmmədovla görüşümüzdə bu məsələyə toxunuldu. İndi Cemin 16 yaşı var, hələ tezdir. Bir az da böyüməlidir. Milli komandanın baş məşqçisi Berti Foqts oğlum haqda məlumatlıdır. Ola bilsin ki, onu bir müddət sonra yığmaya çağırdı. Təbii ki, bu, yoldaşlıq görüşləri üçün nəzərdə tutulub. Oğlumun təlim-məşq toplanışında keçirilən yoxlama oyunlarında sınanmağı mümkündür.

- Cemin klub karyerasında hansı yeniliklər gözlənilir?
- Ona bir sıra təkliflər gəlib. Yaşadığımız Almaniyadan kənarda – İngiltərə, İspaniyadan dəvətlər var. Ancaq baş katib də onun Almaniyada, “Ayntraxt”da çıxışını davam etdirməyini daha məqsədəuyğun sayır. Çünki digər ölkələrin klublarında oynadığı zamanı yığmanın toplanışlarına dəvət olunarkən buraxılmaya bilər. Ancaq almanlarda belə problem yaranmaz. AFFA rəhbərliyinin “Antraxt”la yaxşı əlaqələri var.

- Yayda “Barselona”nın Akademiyasına getmək variantınız vardı...
- Bəli. Sadəcə, şəxsi planda problemlər yarandığından, getmək istəmədik. Qaydalara görə, Cem yaşda futbolçu kluba dəvət olunduğu zamanı valideynlərinin hər ikisi 18 yaşı tamam olana kimi onun yanında olmalıdır. Başqa varianta icazə vermirlər. Oğlum oynayacaqdı, bəs biz 2 il İspaniyada nə edəcəkdik? Dil də bilmirik. Ancaq 18 yaşında valideynlərinin birinin yanında olmağı yetərlidir.

- “Xəzər Lənkəran”la bağladığınız müqavilə müddəti başa çatır. Bakıda olduğunuz müddətdə klub rəhbərliyi ilə anlaşmanı uzatmaq variantını müzakirə etdinizmi?
- Bəli, vitse-prezident Tuyqun Nadirovla görüşdüm. Lənkəranlılarla müqaviləmizin müddəti 1 aydan sonra başa çatır. Bu müddətdə bir qərara gələcəyik. Onlara dedim ki, yeni təklifin müzakirə edilməyi öncə sizin haqqınızdır. Ona görə də öncə bu variantı nəzərdən keçirəcəyik. Danışıqlarımız baş tutmasa, digər variantları dəyərləndirəcəyik.

Mehman SÜLEYMANOV