Xoşbəxt rəqəm
06.06.2012 - 11:24
Xoşbəxt rəqəm
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində 7-ci qələbəsini qazandı. Apasport.az saytının məlumatına görə, Reykyavikdə İslandiya ilə keçirilən qarşılaşma millimizin bu tip yarışlarda 73-cü oyunu idi. İndiyədək 7 qələbə qazanıb, 12 heç-heçə edən millimiz 54 dəfə meydandan məğlub ayrılıb. Bu görüşlərdəki top fərqi 33:173-dür.

Bernard Lippertli yığma isə 3-cü qələbəsini qazandı. 18 seçmə oyunda 4 heç-heçə və 11 məğlubiyyəti olan almaniyalının komandası 15 qol vurub, 38-ni buraxıb.

Bu dəfəki uğur seçmə mərhələlərdə 1994-cü ildə debüt edən yığmamızın 18 illik tarixində 2-ci səfər qələbəsi idi. Millimiz bunadək Avro-2002-nin Makedoniya ilə səfər matçında sevinmişdi. 2000-ci il oktyabrın 6-da, o vaxt Əsgər Abdullayevin rəhbərlik etdiyi yığma rəqib meydanında 2:1 hesablı qələbə qazanmışdı. Millimizin səfərdə qələbə həsrəti 4260 gündən sonra qırıldı.

Yığmamız Bakıda da məğlub etdiyi İslandiyadan 6 xal almaqla, Makedoniya ilə Avro-2002-dəki rekordunu təkrarladı. Millimiz yalnız bu 2 komandadan 1 seçmə mərhələdə maksimum xal alıb.

Lakin yığmamızın 1 mərhələ üçün xal rekordu qıracağı inandırıcı deyil. Avro-2002-də 9 xal yığan komandamız indi 7 xalla tarixinin 2-ci göstəricisinə imza atıb. Rekordu yeniləmək üçün isə son matçda qələbə qazanılmalıdır. Lakin səfərdə 6:0 hesabı ilə uduzduğumuz İngiltərə millisini Bakıda udmaq heç də inandırıcı deyil.

Həmin matç sentyabrın 6-da keçiriləcək.