“Azərbaycanla oyunda İngiltərə Premyer Liqası haqda düşünmürdüm”
06.06.2012 - 11:38
“Azərbaycanla oyunda İngiltərə Premyer Liqası haqda düşünmürdüm”
“Öz meydanımızda uduzmaq, həqiqətən də çox üzücüdür. Oyuna çox ciddi hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İslandiya millisinin futbolçusu Byorn Berqmann Siqurdarsson deyib.

Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla Reykyavikdəki qarşılaşmasında hesabı açan mərkəz hücumçusu 1:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Hər şey yaxşı başlamışdı. Lakin ikinci hissənin əvvəllərindən oyunumuz pozuldu. Az sonra isə oyunun ipini əldən verdik. Həmin anlarda çox-çox zəif oynayırdıq. Düşünürəm ki, seçmə mərhələdə heç bəxtimiz gətirmədi. Çünki biz heç də ən zəif komanda deyilik. Amma indi turnir cədvəlinin zirzəmisində qərarlaşmışıq”.

Norveçin “Lillestryom” klubunda çıxış edən islandiyalı karyerasını daha güclü klublarda davam etdirəcəyini də bildirib: “Onlarla klubun maraq dairəsində olduğunu bilirəm. İngiltərə Premyer Liqası kimi bir çempionatda oynamaq mənim üçün xoş olacaq. Lakin Azərbaycanla oyuna çıxanda bu haqda düşünmür, yalnız qələbə haqda fikirləşirdim”.”