Ramin Musayev: Yazın, “Turan”la “Sumqayıt” Premyer Liqada oynayacaq
06.06.2012 - 12:37
Ramin Musayev: Yazın, “Turan”la “Sumqayıt” Premyer Liqada oynayacaq
Premyer Liqada növbəti mövsümün iştirakçıları tam dəqiqləşib. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, ötən mövsüm son 2 pilləni tutan “Turan”la “Sumqayıt” Premyer Liqada qalacaq.

Bununla, I divizionun qalibi olan “Qaradağ Lökbatan”la 2-ci yerin sahibi “Neftçala”nın kənarda qalması dəqiqləşib: “I divizion klubları Premyer Liqada oynaya bilməzlər. Çünki onlar güclülər dəstəsində oynamaqla bağlı AFFA-dan lisenziya ala bilmədilər. Artıq yaza bilərsiniz ki, “Turan”la “Sumqayıt” növbəti mövsümdə də Premyer Liqada çıxış edəcəklər”.

Qeyd edək ki, əsasnaməyə görə “Qaradağ Lökbatan” Premyer Liqada “Sumqayıt”ı əvəzləməli, “Neftçala” “Turan”la pley-off oyunları keçirməli idi.

Mehman SÜLEYMANOV