“Özümü Azərbaycanda sübüt etmək istəyirəm” - MÜSAHİBƏ
06.06.2012 - 15:50
“Özümü Azərbaycanda sübüt etmək istəyirəm” - MÜSAHİBƏ
“İnter”lə müqaviləsini daha 1 illik yeniləyən Daniel Genov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı legioner söhbətində başa çatmış mövsümü şərh edib, toplanışın gedişi və komandasının avroliqadakı şanslarını barədə danışıb.

- Son mövsümü icarə əsasında “Simurq”un heyətində keçirmisiniz. Oyun praktikasını əldə etmək baxımından bu sizin üçün çox böyük şans oldu. Yekunlaşan mövsümü və “Simurq”un heyətində göstərdiyiniz oyunları necə dəyərləndirərdiniz?
- Mənim üçün mövsüm pis alınmadı. Georgi Çıxradzenin “Simurq”un baş məşqçi postuna gəlişindən sonra daha da yaxşı oynamağa başladım. Hiss edirdim ki, oyundan-oyunda daha çox artırıram. Ümumiyyətlə, artıq özümü “İnter”ə kömək edə biləcək gücdə sayıram.

- Çempionat başa çatandan sonra mətbuatda sizinlə Bolqarıstanın bir neçə klubunun maraqlanması haqqında məlumat yayımlanmışdı. Bilmək istərdik, doğrudan da belə təkliflər var idi?
- Bəli, elə söhbətlər həqiqətən də var idi. Bolqarıstanın MOİK, “Lokomotiv” (Sofiya) və digər bir klublar mənimlə əlaqə saxlamışdılar, lakin “İnter”in təklifi mənim üçün daha maraqlı idi. Etiraf edim ki, mən Azərbaycanda qalmaq istəyirdim.

- Azərbaycanda qalmağı niyə doğma ölkəsinə qayıtmağdan daha üstün saydınız?
- Artıq 2 ildir ki, Azərbaycandayam. 2 mövsümdür burada canla-başla çalışıram. Özümü Azərbaycanda sübüt etmək istəyirəm. “İnter”ə kömək etməyi çox arzulayıram, bu komanda üçün fayda vermək və mənə inanan baş məşqçi Kaxaber Sxadadzenin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Hazırda “İnter”in heyətində Türkiyədəki təlim-məşq toplanışında iştirak edirsiniz. Hazırlığın gedişi haqqında nə deyə bilərsiniz?
- Normal şəkildə məşq edirik. Hazırlıq öz axarıyla davam edir, heç bir gərginlik yoxdur. Biz rahat şəkildə toplanışı davam etdiririk.

- Uzunmüddətli istirahətdən sonra toplanışa başlamaq çətin olmadı?
- Xeyr, heç bir çətinlik yoxdur. Demək istərdim ki, istirahətdə olduğum zamanda da mən hazırlıqları buraxmadım. Bu müddətdə formadan düşməmək üçün fərdi qaydada yüngül məşqlər edirdim.

- Qarşıda “İnter”i Avropa Liqasında çıxış gözləyir. Sizin fikirinizcə, komandanız bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcəkmi?
- Bunu etmək üçün bizim şanslarımız var. Avrokuboklara yaxşı hazırlaşmaq lazımdır. Komandamız yeni futbolçularla gücləndi və biz öz oyunumuzu Avropada da göstərmək istəyirik. İnanıram ki, çıxışımız uğurlu olacaq.