Rəşad Sadıqov: “Neftçi” qrupa düşəcək
06.06.2012 - 17:46
Rəşad Sadıqov: “Neftçi” qrupa düşəcək
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Türkiyədən nə vaxt qayıtmısınız?
- 5 gündü.

- Müalicə tam bitdimi?
- Böyük hissəsi başa çatıb. Qalıb komanda ilə birgə məşqlərə başlamaq, bərpa prosesi.

- “Qarabağ” avrokuboklarda iştirak etməyəcək deyə, toplanışa bu ayın sonunda başlayacaq. Yəni, istirahətə yetərincə vaxtınız var. Bundan necə yararlanmaq fikrindəsiniz?
- Fikrim yaxınlarımla birgə Vətəndən kənarda 7-10 gün istirahət etməkdir. İnşallah, bunu reallaşdırmaq istəyirəm.

- Millinin kapitanı kimi, son yoldaşlıq görüşləri, xüsusilə, Andorraya qalib gələ bilmədiyimiz matçı necə dəyərləndirərdiniz?
- Əlbəttə, Andorra ilə nəticənin qənaətbəxş olmadığı başadüşüləndir. Bunadək son oyunlarda özümüzdən zəif rəqiblərə - Sinqapur və Fələstinə qalib gələ bilməmişdik, bu dəfə mütləq qələbə qazanmaq lazım idi. Təəssüflər ki, yenə buna nail ola bilmədik. Bununla, üstümüzdə olan təzyiqi bir az da artırdıq. İstərdim ki, zəif rəqiblərlə yoldaşlıq görüşlərindəki uğursuzluqlar seçmə mərhələdə özümüzdən güclü rəqiblərlə oyunlarda yaxşı nəticələrlə unudulsun. Bəlkə də bu məğlubiyyətlərin, bərabərliklərin bizim üçün seçmə mərhələdə daha hirsli oynamağa, özümüzü sübut etməyə faydası olar. Ancaq əlbəttə ki, Andorra üzərində qələbə qazanmaq lazım idi. İndi yığmaya qarşı təzyiq də böyükdür. Hamını - azarkeşləri, mətbuatı da başa düşürük. Ancaq bilirəm ki, futbolçular da qələbə qazanmaq istəyirdilər. Sadəcə, yetərincə olan qol imkanlarından istifadə edə bilməyiblər.

- Yoldaşlıq görüşü olsa da, belə nəticədən sonra seçmə mərhələyə az qalmış istər-istəməz azarkeşlərdə bədbinlik yaranır. Siz nə fikirdəsiniz?
- Sözün düzü, indidən nəsə demək çətindir. Ancaq istərdim ki, bu istirahətlərdən sonra milli üzvləri yayda yaxşı təlim-məşq toplanışları keçib, sentyabrda optimal formada olsunlar. Necə deyərlər, yeni nəfəslə, yeni güclə, yeni fikirlərlə növbəti mövsümə başlayarıq və seçmə mərhələlərdə bir az fərqli olar. İnşallah, həmin matçlarda özümüzü yaxşı tərəfdən göstərməyə və bizə olan məhəbbəti, etimadı geri qaytarmağa çalışacağıq.

- Baş məşqçi Berti Foqts futbolçuları qeyri-peşəkarlıqda, çempionat bitəndən sonra fiziki hazırlıqlarında problemlərin yaranmasında qınayıb. Bu haqda nə düşünürsünüz?
- Bu barədə fikir bildirmək çətindir. İnanmaq istərdim ki, futbolçularımız öz işlərinə peşəkar yanaşırlar.

- Son 3 ildə avrokuboklarda daim oynayan “Qarabağ” bu dəfə kənarda qalacaq. Adət etmədiyiniz bu mənzərəni kənardan izləmək sizə necə təsir edəcək? Bəlkə 3 ilin yorğunluğunu çıxarmaq baxımından belə yaxşıdır?
- Avrokuboklarda iştirak etmək istəyərdik. Ancaq fikirləşmirəm ki, bizim klubun 3 ildən sonra bu istirahətə ehtiyacı vardı. Həm fiziki, həm də mənəvi olaraq yaxşı istirahət edib, yaxşı toplanış keçib, çempionata yaxşı hazırlaşmağa lüzum var idi. Artıq 15-20 gündür futbol haqda fikirləşmirik. Hələ qabaqda 10-15 gün də vaxtımız var. Ancaq avrokuboklar olsaydı, futbolçular indi millinin toplanışından qayıdıb, 1 həftə sonra yenidən xaricə hazırlığa gedəcəkdilər. Yenə də istənilən səviyyədə təlim-məşq toplanışı keçə, yoxlama oyunu keçirməyə komanda tapa bilməyəcəkdik. Sonra avrokubok oyunları, çempionat yaxınlaşacaqdı və biz bunun həmişə əziyyətini çəkirik. Həmişə görürük ki, “Qarabağ” qış toplanışından sonra daha yaxşı formada olur. Bu da yaxşı istirahət, toplanış, yoxlama oyunlarının nəticəsidir. Ancaq biz 3 ildə yayda bunu edə bilmirdik. İnşallah, bu dəfə çempionata yaxşı hazırlaşmağa vaxtımız olacaq.

- Avrokuboklardakı təmsilçilərimizdən nə gözləyirsiniz?
- Ən azından 3 komandaya güvənirəm ki, 1-2 mərhələni rahat keçəcəklər.

- Hansılara daha çox güvənirsiniz, hansının şansını az sayırsınız?
- Komandalar belə ayırmaq istəmirəm. Sadəcə, özüm-özümə fikirləşirəm ki, 3 komandamız ilk mərhələni rahat keçəcək. Hətta elə ola bilər ki, 2 komanda 2 mərhələ adlasın.

- Qrup mərhələsinə düşmək olmasa da, ən azı “Qarabağ” kimi hansısa komanda pley-off mərhələsinə kimi irəliləyə biləcək?
- Fikirləşirəm ki, bu il hansısa klubumuz avrokubokların qrupuna düşəcək. Daha çox da “Neftçi”nin olacağını düşünürəm ki, Çempionlar Liqasında 2 mərhələ keçə biləcək. Çempionumuz bu gücdədir. Elə fikirləşirəm ki, “Neftçi” Çempionlar Liqasında 2 mərhələ keçib, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq.

- Klublarımızın hamısı avrokuboklarda uğursuz çıxış etsələr, bu, “Qarabağ”ın reytinqini qaldıracaqmı?
- Bizim üçün maraqlı deyil. İstəyərdik ki, klublarımız da avrokuboklarda qələbə qazansın, ölkəmizin reytinq xalları qalxsın. Bununla, gələn il 2-ci yeri tutan komandamız, ölkə kubokunun qalibi mübarizəyə 2-ci mərhələdən başlasın.

Mehman SÜLEYMANOV