Azərbaycan klubları üçün yeni turnir
07.06.2012 - 09:23
Azərbaycan klubları üçün yeni turnir
Rusiya və Ukrayna mini-futbol assosiasiyaları yeni turnirin keçirilməsi haqda razılıq əldə ediblər. Apasport.az saytının məlumatına görə, postsovet məkanının 2 futbol nəhəngi futzal klublarının iştirakı ilə beynəlxalq turnir təşkil etməyə qərar veriblər.

Futbol klublarının 1993-2011-ci illərdə keçirilən ənənəvi “Birlik kuboku”nu xatırladan futzal yarışında təkcə çempionlar oynamayacaq. Rusiya və Ukrayna çempionatlarının mükafatçılarının qatılacağı yarışda ölkə kubokunun sahiblərinin də oynaması mümkündür. Bundan başqa MDB ölkələrinin ən güclü klubları, hətta bəzi Şərqi Avropa təmsilçiləri də yarışa dəvət ala bilər.

İdeya müəllifləri turnirin daha sanballı alınmasını düşündüyündən tələsməməyi lazım bilib. Onlar ilk olaraq turnirə dəvət edilə biləcək ölkələrin milli assosiasiyalarına sorğu göndərəcək. Onların cavabları toplandıqdan sonra UEFA-ya müraciət olunacaq. Avropa futbol qurumunun tanıdığı turnirin keçirilməsi üçün qurumun qərarı gözləniləcək. Futzal və Çimərlik futbolu Komitəsinin bu ilin sentyabrında keçiriləcək yığıncağında isə UEFA turnirlə bağlı rəsmi mövqeyini bildirəcək. Elə yarışın keçirilmə vaxtı və formatı da UEFA ilə razılaşdırılacaq.

Qeyd edək ki, belə bir turnirin keçirilməsi Azərbaycan çempionatında rəqibsiz qalan “Araz” və “Neftçi” İSM üçün də yeni üfüqlər açır. Onlar daha güclü komandalarla oynamaq üçün belə bir imkandan yararlana bilər.