Novruz Əzimov: Həmin futbolçulara vaxt vermişik
07.06.2012 - 11:09
Novruz Əzimov: Həmin futbolçulara vaxt vermişik
“Bakı” Latviya millisinin futbolçusu Maris Verpakovskisin taleyinə tam aydınlıq gətirib. Komandanın baş məşqçisi Novruz Əzimov apasport.az saytına açıqlamasında təcrübəli hücumçunun qaldığını bildirib. Onun sözlərinə görə, müqaviləsi bitən 33 yaşlı legionerlə anlaşma uzadılıb. Artıq “Bakı”nın məşqlərində iştirak edən Verpakovskis tibbi müayinədən də keçib.

Əzimov 2008-ci ilin yayından “Bakı”nın şərəfini qoruyan moldovalı futbolçular Vadim Boretslə Aleksey Savinova yeni komanda tapmağı tövsiyə etdiklərini bildirib: “Onların klubla müqavilələri var. Moldovalılar gələcək taleləri ilə danışıqlara gəlmişdilər. Hər ikisinə vaxt verilib ki, özlərinə yeni komanda tapsınlar. Bunun avqustun 31-i - “transfer pəncərəsi” bağlanana kimi etməlidirlər”.

Qapı mövqeyinə də toxunan 52 yaşlı çalışdırıcının sözlərinə görə, müqaviləsi bitən əcnəbi qapıçılar – xorvatiyalı Marko Şarliya və seneqallı Xalidu Sissokonun komandada qalmağı nəzərdə tutulmayıb: “Ola bilər ki, Sissoko uzun müddətdir şərəfini qoruduğu “Bakı”da qalaraq, hansısa komandamızda çalışdı. Şarliya ilə müqavilə uzadılmayıb və yeni əcnəbi qapıçının keçidinin reallaşmağını gözləyirik. İnanırıq ki, Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines Rodrigesini transferini həll edəcəyik və o, bizə qarşıdakı məsul oyunlarda kömək olacaq. Bizə həm Avroliqada, həm də ölkə daxili yarışlarda təcrübəsi böyük olan, yüksək səviyyəli qapıçı lazımdır. Gənc qapıçımızdan Aqil Məmmədov məşqlərimizdə iştirak edir, icarədən qayıdan Andrey Popoviç isə Qəbələdəki hazırlığımızda sıralarımızda olacaq”.