“Neftçi”dən başqa klubda oynamaram” - MÜSAHİBƏ
07.06.2012 - 23:02
“Neftçi”dən başqa klubda oynamaram” - MÜSAHİBƏ
Azərbaycan yığmasının (U-21) yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi

- İslandiya ilə oyun haqda nə deyə bilərsiniz?
- Çox çətin oldu. Meydana əzmlə çıxmışdıq. Xüsusilə, Norveçə məğlubiyyətdən sonra bu matçda özümüzü göstərməli idik. Hesabda geri düşsək də, sonadək mübarizə apardıq. Şükürlər olsun ki, əziyyətimiz hədər getmədi.

- Hesabda geri düşməklə yanaşı, penaltidən də istifadə edə bilmədik. Bu da istər-istəməz psixoloji gərginlik yaratmaya bilməzdi. Bəs məşqçilər fasilədə nə dedi, komandanı necə toparlaya bildi?
- Fasilədə məşqçilər korpusu bizə oyunu uda biləcəyimizi dedilər. Sadəcə, bunun üçün bir qədər diqqətli olmağı və mübarizəni davam etdirməyi tapşırdı. Həm də özümüzdə inam var idi. Çünki oyundan əvvəl də başqa yolumuzun olmadığını öz aramızda danışmışdıq. Yekunda istədiyimiz nəticəni qazandıq.

- Komanda meydana qara sarğı ilə çıxmışdı. Bu psixoloji baxımdan futbolçulara necə təsir göstərdi?
- Fürsətdən istifadə edib, şəhidlərimizin ailələrinə baş sağlığı veririk. Oyun günü Azərbaycanda hər kəs bu acı hadisənin üzüntüsünü yaşayırdı. Baş məşqçi qazanacağımız qələbə sayəsində bu ağır gündə az da olsa, xalqımıza təskinlik verə biləcəyimizi dedi. Bu da müəyyən motivasiya yaratmışdı. Həm də U-21-in səfərdə nə vaxt qələbə qazandığını xatırlamıram. Ona görə də bu uğursuz ənənəyə son qoymaq lazım idi.

- Hazırkı mərhələdə yığmamız 6 qol vurub ki, onlardan üçünün müəllifi sizsiz. Bunu sizin üçün uğur saymaq olarmı?
- Demək olmaz ki, komandanı mən arxamca aparıram. Xeyr, bu qolların vurulmasında komandanın hər bir üzvünün əməyi var. Üstəlik, 3 qol azdır. Daha çox qol vurmaq istəyirəm.

- Artıq 7 xal toplamışıq ki, bu da yığma üçün ən yaxşı göstəricilərdən biridir.
- Daha çox toplamaq olardı. Belçika ilə səfərdə heç-heçə edib, Bakıda qələbə qazanmaq mümkün idi. Üstəlik, Norveçdən Bakıdakı oyunda xal almaq olardı. İstərdim ki, Azərbaycan yığması da Avropa çempionatının final mərhələsinə çıxsın. Onu da deyim ki, bu U-21-in heyətində sonuncu ilimdir. Yaşla əlaqədar növbəti mövsümdə komandaya kömək edə bilməyəcəm.

- Formasını geyindiyiniz “Neftçi” klubu ardıcıl ikinci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Necə düşünürsünüz, ötənilki uğursuzluğu unutdurmaq mümkün olacaq?
- Əlbəttə, çalışacağıq. “Neftçi” böyük klubdur və bunun öhdəsindən gələcək gücdədir. İnşallah, yaxşı hazırlaşıb, uğurlu çıxış edəcəyik.

- Bununla bağlı klub rəhbərliyi tərəfindən konkret məqsəd qoyulub?

- Böyük klubun hədəfləri də böyük olur. “Neftçi” Çempionlar Liqasında ən azı iki mərhələ keçmək istəyir. Təbii ki, məqsədimiz mümkün qədər irəliləməkdir.

- Yeri gəlmişkən, bir neçə klubun diqqət mərkəzində olduğunuzu bilirik. “Neftçi” ilə müqavilən bitib?
- Müqavilə ilə bağlı geniş danışmaq istəmirəm. Klubumla 5 illik anlaşmam var. Bəli, mən də bilirəm ki, yerli klublardan bir neçəsi xidmətimdə maraqlıdır. Amma bu gün əksər futbolçular “Neftçi”də oynamağa can atır. Belə olan təqdirdə mən bu komandanı başqasına necə dəyişə bilərəm? Azərbaycanda “Neftçi”dən başqa klubda oynamaram. Ancaq xarici klublardan təklif gəlsə və “Neftçi”nin prezidenti Sadıq Sadıqov məsləhət bilsə, dəyərləndirərəm.

- Bəs belə təklif varmı?
- “Antalyaspor”dan və I liqanın bir neçə komandasından təklif var. Antalya təmsilçisinin nümayəndələri birbaşa mənimlə əlaqə saxlayıblar. Amma necə olacağını deyə bilmərəm.

- Hücumameyilli futbolçu olduğuna görə, bu sualı cavablandırmanızı istərdim. Ötən mövsüm məhsuldar futbolçuların hamısı əcnəbilər oldu. Bu nədən irəli gəlir: yerlilər zəifdir, yoxsa onlara şans verilmir?
- Məncə, legioner hücumçularımız daha güclüdürlər. Məsələn, götürək Bahodir Nasimovu. İkinci dəfə bombardir oldu. O, çox güclü hücumçudur.

- Amma Nasimov qitəmiqyaslı oyunlarda elə də seçilmir.
- Ötən il Zaqreb “Dinamo”su ilə oyunun ən yaxşı futbolçuları Rodroginyo və Emil Mpenza seçildi. Onlar da legionerdirlər.

VÜQAR