“Ümid edirik ki, yeni baş məşqçimizlə istədiyimiz nəticəyə nail olacağıq”
08.06.2012 - 12:39
“Ümid edirik ki, yeni baş məşqçimizlə istədiyimiz nəticəyə nail olacağıq”
“Rəvan” yeni baş məşqçi təyinatını reallaşdırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Cevat Güləri bu posta təyin etdiklərini bildirib. O, təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə bağladıqlarını bildirib: “Bildiyiniz kimi, biz ötən mövsümdə də “altılığ”a düşmək urunda mübarizə aparırdıq. Ancaq bu, bizdə alınmadı. Növbəti mövsümdə yüksək yerlərə iddialı olmaq, Avroliqaya vəsiqə qazanmaq istəyirik. Bunda isə baş məşqçi önəmli məsələlərdən biridir. Yeni çalışdırıcımız tanınmış, səviyyəli mütəxəssisdir. Uzun illər “Qalatasaray”da yer alıb. Başqa namizədlər də vardı. Ancaq klub rəhbərliyinin qərarı ilə seçim bu mütəxəssis üzərində dayanıldı. Ümid edirik ki, onunla istədiyimiz nəticəni əldə edəcəyik”.

Şirəliyev 53 yaşlı türkiyəlinin başçılıq edəcəyi məşqçilər korpusu haqda da məlumat verib: “Yəqin ki, onun köməkçilərindən biri türkiyəli olacaq. Ancaq yerli çalışdırıcılarımız - Bəhmən Həsənov, Ramil Əliyev komandada qalaraq, onun köməkçiləri olacaq”.

Mehman SÜLEYMANOV