Millimizin sabiq baş məşqçisi favoritlərini açıqladı
08.06.2012 - 16:16
Millimizin sabiq baş məşqçisi favoritlərini açıqladı
“Favoritlərim Almaniya və İspaniyadır. Müasir futbolda ötürmələrlə oyun üstünlük qazanır. Bu üzdəndir ki, Almaniya və İngiltərə kimi komandalar da topla oynayan İspaniya yığmasının sisteminə qarşı çətinlik çəkir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevski deyib.

“Bakı” və “Simurq” klublarında da çalışmış makedoniyalı mütəxəssis bu gün start götürəcək Avropa çempionatının final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O, İspaniyanın “Barselona” klubundakı dəst-xəttin milliyə də sirayət etdiyini və bunun AVRO-2012-də özünü göstərəcəyini bildirib: “Nə qədər ki, “Barselona”dakı indiki futbolçu nəsli karyerasını davam etdirir, bu sistem üstün olacaq. Bunun qabağına çıxa bilən sistem varmı? “Çelsi” öz oyunu ilə böyük uğur qazandı. Lakin bu üslub mənim xoşuma gəlmir”.

“Bakı” ilə Azərbaycan çempionu olan Hacıyevski ispaniyalıların gücünü “Barselona” üslubunda görür: “Avropada çox sayda yaxşı komanda var. Onların hər biri yarışa yaxşı başlasa nəticə qazana bilər. Danimarkanın 1992, Yunanıstanın 2004, Türkiyənin 2008-ci ildə etdikləri buna misaldır. Bununla demək istəyirəm ki, İspaniya və Almaniya yığmaları hər hansı sürpriz komanda ilə də üzləşə bilər. İspaniyanın gücü isə bütün futbolçuların, hətta “Real”ın üzvlərinin də yığmada “Barselona” üslubunda oynayır. İndiki “Barselona” isə futbol tarixinin ən yaxşı komandasıdır. Mən bütün qəlbimlə bu komandanı sevirəm”.