“Başqa klubla anlaşmaq, mənə yaraşmaz”
09.06.2012 - 16:28
“Başqa klubla anlaşmaq, mənə yaraşmaz”
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadənin apasport.az saytına müsahibəsi

- Gələcək komandanızı müəyyənləşdirməlisiniz. Buna aydınlıq gətirirsiniz, yoxsa hələlik istirahət edirsiz?
- İstirahət yox, fərdi məşq edirəm. Sadəcə, hansı klubda oynamaq məsələsi var ki, buna aydınlıq gətirməliyəm. İnşallah, bu da bilinsin, ondan sonra tam hazırlığa başlayacağam.

- Ötən mövsümü keçirdiyiniz Türkiyənin Bank Asiya I liqasının təmsilçisi “Ərciyyəspor”la yollarınızı ayırdınız. Karyeranızı yenidən xaricdə davam etdirmək, yoxsa Vətənə qayıtmaq fikrindəsiniz?
- Hələlik Azərbaycan variantlarını nəzərdən keçirmək istəmirəm. Ancaq xaricdəki təkliflər istədiyim kimi alınmasa, Vətəndə oynamaq variantı həmişə var.

- Axtarışlarınız yenə I liqadandır?
- Oradan da var, başqa yerdən də. Sözün açığı, yenidən ora qayıtmaq istəmirəm.

- Nəyə?
- İstəmirəm. Orda oynayanda, milliyə çağırılmıram. Bu səbəbdən yüksək liqada oynamaq lazımdır ki, əsas yığmaya çağırılasan. Görünür, “Bank Asiya” göz önündə deyilmiş.

- Superliqa klubuna keçməyi nə dərəcədə real sayırsınız?
- Real olub-olmadığını bilmirəm. Superliqa klubundan təklif almamışam. Sadəcə, bəzi klublarla danışıqlar gedir. Reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.

- Türkiyənin I liqasında oynamaq istəmirsiniz. Belə çıxır ki, başqa ölkə təmsilçiləri ilə danışıq aparırsınız...
- İndi bu haqda danışmaq istəməzdim.

- Əvvəllər milliyə çağırılsanız da, Türkiyədə çıxış etdiyiniz müddətdə heç yoldaşlıq görüşlərinə belə dəvət almadınız. Bunun səbəbini birbaşa I liqada çıxış etməyinizdə görürsünüz?
- Hər halda, belə ola bilər. “Neftçi”də oynayanda, əsas heyətdə daim yer almasam da, meydana çıxırdım və məni görürdülər.

- “Ərciyyəspor”da mövsümün ortasında start heyətdə meydana çıxır, sabit oynayırdınız. Ancaq sonradan daha çox ehtiyatda qaldınız. Bəlkə elə buna görə milliyə dəvət olmurdunuz?
- Mən oynayanda da dəvət almamışam. İnanmıram ki, çox oynamamağıma görə çağırmaqdan çəkinsinlər.

- “Ərciyyəspor”la hansı şəkildə ayrıldınız?
- Mənim müqaviləm vardı. Ancaq razılaşdıq ki, buna xitam verək. Hələ 21 yaşlılardan ibarət yığmamızın təlim-məşq toplanışından öncə xahiş elədim ki, məni komandadan buraxsınlar. Sağ olsunlar ki, bunu etdilər.

- Karyeranızda ilk legioner həyatı olan 1 ili necə dəyərləndirərdiniz?
- Yaxşı. Bu yaşda Türkiyədə oynadım. Fikrimcə, pis də oynamamışam. Haqqımda yaxşı fikir formalaşıb. “Qalatasaray”, “Fənərbaxça”da oynamış futbolçularla bir yerdə çıxış etmişəm. Onlardan nəsə götürmüşəm. Hesab edirəm ki, Türkiyə klubunda oynamaq gələcək karyeramda təcrübə baxımından çox vacib oldu. Sevinirəm ki, 19 yaşda legioner həyatı yaşamışam.

- “Ərciyyəspor”da qalmaq istəməməyinizdə baş məşqçi dəyişikliyi nə dərəcədə rol oynadı?
- Əvvəlki baş məşqçi qalsaydı belə, klubdan ayrılacaqdım. Başqa söhbətlər də vardı ki, onları açıqlamaq istəmirəm. Onları görəndən sonra dəhşətli dərəcədə həvəsdən düşdüm. İstəmədim ki, klubumda futbol oynayım. Buna görə də “Ərciyyəspor”dan ayrılmağa qərar verdim.

- “Neftçi” sizə doğmadır. Xaricdə oynamaq istəyinə çatmasanız, bu komandaya qayıdacaqsınız?
- Əlbəttə ki, xaricdə alınmasa, birinci “Neftçi”yə üz tutacağam.

- İndi elə dövrdür ki, karyeranızla bağlı məsələyə tez aydınlıq gətirməlisiniz...
- İnşallah, yaxın günlərdə buna aydınlıq gətirməyə çalışacağam.

- Başqa klublarımızdan təklif almısız?
- Bəli, təklif var. Ancaq əlbəttə ki, ölkə daxilində öncə “Neftçi” variantına üstünlük verəcəm. “Neftçi” ilə danışmamış başqa klubla anlaşmaq mənə yaraşmaz. Çünki bu klubun yetirməsiyəm.

Mehman SÜLEYMANOV