Amit Quluzadə: Baxdım ki, dəyişən bir şey yoxdu
08.06.2012 - 20:00
Amit Quluzadə:  Baxdım ki, dəyişən bir şey yoxdu
“Türkiyədə əvvəllər işlərim qaydasında gedirdi. Amma baş məşqçi dəyişikliyindən sonra müəyyən problemlər yarandı. Daha doğrusu, baş məşqçi yoldaşlıq oyunlarında mənə şans verirdi. Rəsmi oyuna bir gün qalmış isə ehtiyatda olduğumu başa düşdüm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Ərciyyəspor” klubunun sabiq futbolçusu Amit Quluzadə deyib.

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının üzvü ötən mövsümü keçirdiyi Bank Asiya I liqa təmsilçisi ilə müqaviləsi olsa da, onun pozulmağının özü təşəbbüskarı olub.

Amit baş məşqçi postuna Səlahəddin Şəntürkün gəlişindən sonra ehtiyata göndərilməyindən narazı qalıb: “Bunun səbəbini çalışdırıcıdan soruşduqda, o, məndən razı olduğunu dedi və bir qədər səbirli olmağımı istədi. Amma baxdım ki, dəyişən bir şey yoxdur. Təxminən 3 ay əvvəl Azərbaycana dönməyi planlaşdırır, danışıqlar aparırdım. 2-ci dövrənin 3-cü oyunundan sonra klub prezidentinə yaxınlaşıb, mövcud vəziyyəti dilə gətirdim və komandadan ayrılmaq istədiyimi bildirdim. Çünki baş məşqçinin şans verməyəcəyi dəqiq idi. Ancaq həmin vaxt məni buraxmadılar. Mövsüm bitdikdən sonra isə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

Yarımmüdafiəçinin sözlərinə görə, komandasında baş məşqçi dəyişikliyindən sonra daxili problemlər yaranıb: “Əvvəlki dönəmdə komandada 14-15 futbolçu var idi. Onda turnir cədvəlinin üst sıralarında qərarlaşmışdıq. Yeni məşqçi gəldikdən sonra komandaya daha 6 futbolçu dəvət etdi. O, gətirdikləri ilə ilk 5 oyunda cəmi 2 xal toplaya bildi. Daha sonra hansı ki, oynamağa layiq olan futbolçular var idi, onlar mövcud vəziyyətlə barışmırdılar. Artıq komandanın daxilində problemlər yaranmışdı. Bunun nəticəsi olaraq mövsüm həm komandam, həm də mənim üçün uğursuz alındı”.