Günah var, günahkar yox
08.06.2012 - 23:01
Günah var, günahkar yox
Kapital Bank U-15 Liqasının "Neftçi" və "Bakı" arasında "Dalğa Arena"da oynanılan final matçından sonra baş verən qalmaqalın videogörünütlərini belə izləmək çox ağır və üzücdü. Bu, rüsvayçı mənzərəyə baxıb futbolumuz adına xəcalət hissi keçirməmək mümkün deyil.

Olaydan xəbərsiz olanların nəzərinə çatdıraq ki, "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçın final fiti səslənən kimi 2 komandanın futbolçuları yumruq davasına çıxıb. Dava edənləri ayırmaq istəyən "Bakı"nın icraçı-direktoru Yaşar Seyidov rəqib komandanın futbolçularından birini itələyib. Bu zaman tribunadan atılan kapron butulka Seyidovun başına tuş gəlib.

Ardınca stadiona enən "Neftçi"nin icraçı-direktoru Mübariz Xudiyev əvvəlcə Yaşar Seyidovla əlbəyaxa olub. Ardından isə "Bakı" düşərgəsindən təxminən 7-8 nəfər flaqman rəsmisini şillə-təpiyə qonaq ediblər.

Təxminən 15-20 dəqiqə davam edən davanı polis və klub rəsmiləri sakitləşdirməkdə çətinlik çəksə də, stadionda sabitliyi bərpa etmək mümkün olub. Az sonra stadionun direktoru mükafatlandırma mərasiminin təxirə salındığını bildirib. Bundan sonra "Bakı"nın futbolçuları və rəsmiləri meydanı tərk edib. "Neftçi"nin futbolçuları isə təxminən 30 dəqiqə ərzində meydanda mahnı oxumaqla və meyxana deməklə qələbəni bayram ediblər (Sport Ekspress).

Hadisədən sonra "Bakı"nın icraçı-direktoru Yaşar Seyidov "Neftçi"dəki həmkarı Mübariz Xudiyevin vurduğunu iddia etdiyi Renat adlı futbolçunu jurnalistlərə təqdim edib.

Gözlərinin altı qaralmış futbolçunun bədənində buts izləri açıq-aşkar görünür. Maraqlıdı ki, sona qədər hadisə yerindən olan polis tərəflərdən heç biri şikayətçi olmadığından heç kimi saxlamayıb.

Milli çempionatımızı yaxından izləyənlər cari mövsümdə "Neftçi" ilə "Bakı"nın əsas komandalarının oyunundan sonra baş verən qalmaqalı yaxşı xatırlamalıdı. Həmin vaxt "zolaqlılar"ın futbolçusu Elvin Əliyevlə "ağ-qaralar"ın üzvü Mirhüseyn Seyidov meydanda "atışmışdılar". Oyun başa çatandan sonra isə sonuncunun göstərişi ilə "Neftçi"nin mühafizəçiləri Elvini sözün əsl mənasında qanına qəltan etmişdilər. Di gəl ki, həmin rüsvayçılıq qarşılaşmanın protokolunda öz əksini tapmamışdı.

Üstəlik, "Bakı" ilə "Neftçi" rəhbərliyini dostluq bağları birləşdirdiyindən zərərçəkənlər şikayətçi olmamışdı. Belədə həmin qalmaqala görə heç kim cəzalanmamışdı.

Amma indi vəziyyət fərqlidi. Düzdü, yenə də şikayətçi yoxdu, lakin artıq olayın videogörünütləri əksər saytlarda yerləşdirildiyindən AFFA ölçü götürmək məcburiyyətindədi. Təsadüfi deyil ki, federasiyanın baş katibi Elxan Məmmədov günahkarları ən sərt şəkildə cəzalandırılacaqlarını bəyan edib.

AFFA-nın qalmaqalla bağlı necə ölçü götürəcəyini zaman göstərəcək. Qaldı ki, günahkar məsələsinə, fikrimizcə, burda günahkar axtarmağa gərək yoxdu. Baş verən rüsvayçılıqda hər iki tərəfin təqsiri var. Bəlkə də federasiya vaxtında Elvin Əliyevi döyənlərə sərt üzünü göstərsə idi, indi bu cür biabırçılıq yaşanmazdı.

Təəssüf ki, həmin vaxt olayın üstünü ört-basdır etdilər. Lakin deyəsən, bu dəfə "qulaqburması" alanlar olacaq. Hər halda, "Bakı"nın prezidenti Hafiz Məmmədovun qalmaqalı AFFA rəhbəri Rövnəq Adullayevl’ müzakirə etməyə hazırlaşması belə söyləməyə əsas verir.

ŞAMO