Aslan Kərimov: “Neftçi” klubunun işi daha çətin olacaq – MÜSAHİBƏ
08.06.2012 - 23:09
Aslan Kərimov: “Neftçi” klubunun işi daha çətin olacaq – MÜSAHİBƏ
Uzun illər “Qarabağ”ın formasını geyinmiş Aslan Kərimov karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyətini davam etdirir. 15 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçi Nikolay Adamın köməkçisi olan veteran futbolçu öz bilik və bacarığını yeniyetmələrə öyrədir. Özünün də dediyi kimi, uşaq yaşlardan düzgün yetişdirilən futbolçu gələcəkdə peşəkarlıq baxımdan əziyyət çəkmir. Ancaq Kərimovla söhbətimizin əsas mövzusu başa çatmış çempionat və sabiq komandası “Qarabağ”ın avrokuboklardan kənar qalması oldu.

- Artıq bir aya yaxındır mövsüm başa çatıb. Bəzi komandalarımız istirahətdədir, bəziləri isə avrokubok oyunlarının hazırlığına start veriblər. Əvvəlcə, istərdik başa çatmış mövsümlə bağlı fikirlərinizi öyrənək. Turnir cədvəlindəki sıralamanı ədalətli hesab etmək olarmı?
- Əlbəttə, sıralamanın tam ədalətli olduğunu düşünürəm. Hər komanda layiq olduğu pilləni tutdu. Təbii ki, uzun illər “Qarabağ”ın formasını geyinmiş futbolçu kimi onların da avrokuboklara vəsiqə qazanmasını istərdim. Ağdam klubunun avrokuboklardan kənar qalmasının birinci səbəbkarı özüdür.

- Bunun səbəbini nədə görürsünüz?
- Təbii ki, bunun bir neçə səbəbi ola bilər. Bir səbəb kimi FİFA-nın “Xəzər Lənkəran”ın 6 xalını silməsini qeyd edə bilərik. Həmin hadisədən sonra istər-istəməz futbolçuların boşalmaları, oyunlara bir qədər rahat çıxmaları müşahidə olundu. Bundan istifadə edib məşqçi əsas komandanın üzvlərinə dincəlmək, ehtiyatda qalan futbolçulara oynamaq şansı verdi. İkinci səbəb kimi yorğunluğu önə çəkə bilərik. Çünki 3 il ardıcıl çempionat başa çatdıqdan sonra qısa müddətdə yenidən yığışaraq avrokubok oyunlarına hazırlaşırdılar. Bura milli komandanın təlim-məşq toplanışlarını da əlavə edə bilərik. Bir sözlə, yetərincə istirahət edə bilmirdilər. Bəlkə də, “Qarabağ”ın uğursuz çıxış etməsinin səbəbi heç bunlar deyil.

- “Xəzər Lənkəran”ın 6 xalının silinməsini vurğuladınız. Əgər bu amil futbolçuların boşalmalarına səbəb olubsa, düşünmürsünüz ki, bu qeyri-peşəkarlıqdır...
- Qeyri-peşəkarlıq demək olmaz. Çünki əsas səbəbin bu olduğunu bilmirik. Sadəcə, ehtimal kimi qeyd etdim ki, ola bilsin uğursuz çıxış etmələrinə bu səbəb olsun. Digər tərəfdən özümü həmin futbolçuların yerinə qoysam, mən də düşünürəm ki, FİFA-nın verdiyi qərardır. Bildiyiniz kimi, FİFA nadir hallarda qərarında dəyişiklik edir. Bir sözlə, avrokuboklara vəsiqəni təmin etdiyi halda futbolçulara istirahət vermək, mümkün zədələrdən qorumaq, ehtiyatda qalanları oynadıb təcrübə toplamalarına imkan yaratmaq və s. bunları nəzərə almaq lazımdır. Düzdür, “Qarabağ” futbolun yazılmamış qanunlarına görə belə etməməli idi. Futbolçular hər bir oyuna qələbə əzmi ilə çıxmalı idilər. Düşünürəm ki, qələbə qazanmaq üçün də çıxırdılar. Futbolçuları da, məşqçiləri də nəzərə almaq lazımdır. Onlar da insandırlar. Nə qədər yüksək motivasiya ilə oynasalar da, beyinlərinin bir kənarında arxayınçılıq öz sözünü deyir. Eyni sözləri “Neftçi” üçün də demək olar. Çempion olduqdan sonra keçirdikləri oyunda qələbə qazana bilmədilər. Hətta kubokun finalın da məğlub oldular. “Neftçi”nin final qarşılaşmasında passiv, zəif çıxış etməsi məhz futbolçuların - onsuz da çempion olmuşuq, əsas vəzifəmizi yerinə yetirmişik düşüncəsi idi. Kuboka da qələbə qazanarıq, nə yaxşı qazanmasaq da, heç kim bizə heç nə deməz düşüncəsi içində idilər.

- Ölkəmizi avrokuboklarda təmsil edəcək komandalarımız hazırlığa başlayıblar. Avrokubok həyəcanı yaşamış bir futbolçu kimi təmsilçilərimizin çıxışından nə gözləyirsiniz?
- Əvvəlcədən nəsə bir söz demək çox çətindir. Çünki rəqiblərimiz bilinmir. Ona görə indidən fikir bildirmək düz olmaz. Onu deyim ki, avrokuboklarda zəif rəqib olmur. Məncə, Gürcüstan, Latviya, Litva, Estoniya təmsilçiləri ilə mübarizədən qalib ayrıla bilərik. Çempionlar Liqasının oyunlarına gəlincə, məncə burada bütün rəqiblər güclüdür. Avropa Liqasındakı təmsilçilərimizlə müqayisədə “Neftçi”nin işi çətin olacaq.

- Düşünmürsünüz ki, “Qarabağ”ın 3 il ardıcıl Avropa Liqasında uğurlu çıxış etməsi təmsilçilərimiz üzərində təzyiq yaradar...
- Ola bilər. Yəqin ki, məşqçilərin də işindən biri futbolçuları psixoloji cəhətdən hazırlamaq olacaq. Təbii i, hər bir komandanın üzərində psixoloji gərginlik olacaq. Azərbaycan daxilində çempion olmaq, avrokuboklara vəsiqə qazanmaq işin 20-30 faizidir. Komandanın əsl gücü məhz Avropa səhnəsində üzə çıxır. Çünki qitə turnirlərində qələbə qazanmaq çətindir. Avropada qazandığın nəticələrə görə, gördüyün işə qiymət vermək olur.

- Avropa səhnəsində klublarımızın ümumi çatışmazlığı nədir?
- Bütün klublarımızın bir yox, bir neçə çatışmazlığı var. Misal üçün, futbolçularımız peşəkarlıq baxımından geri qalır. Fərdi və texniki-taktiki baxımdan da Avropa, dünya səviyyəsindən geri qalırıq. Bunu da düzəltməyin yeganə yolu düzgün maariflənməkdən keçir. Nəyisə dəyişməyə çalışırıqsa, buna ilk növbədə uşaq yaşlarından başlamaq lazımdır. Çünki futbolçu böyüdükdən sonra onda hansısa bir komponenti dəyişmək çox çətin olur. Ona görə uşaq futbolu ilə məşğul olan məşqçilərin maarifləndirilməsi daha önəmlidir. Onlar nə qədər, savadlı, bilikli məşqçi olarsa yetişdirdikləri futbolçular da o qədər yaxşı olacaqlar. Məşq prosesində, uşaqlara yanaşmada bir qədər geridə qalmışıq.