“Xəzər Lənkəran”la 1 illik müqavilə bağlamağı razılaşdırmışıq”
09.06.2012 - 11:37
“Xəzər Lənkəran”la 1 illik müqavilə bağlamağı razılaşdırmışıq”
“Xəzər Lənkəran”a keçidim hələ rəsmiləşməyib. Klubdan müqavilə bağlamaq üçün dəvəti gözləyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yollarını ayırdığı futbolçu Cavid Hüseynov deyib. 23 yaşlı hücumçu son 2 mövsümdə heyətində ölkə çempionu olduğu bakılıların onunla müqaviləni uzatmadığından, özünə yeni komanda tapmalıdır. Bu mənada “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun dəvətini qəbul edən Cavid karyerasını həmsoyadının rəhbərliyi altında davam etdirməyə razılığını verib: “Yunis müəllimlə danışığım olub. İlkin razılıq əldə etmişik. Keçidi reallaşdırmaq üçün müqavilə bağlamaq qalır ki, bu, hələ ki edilməyib. Nə vaxt olacağını deməyiblər, dəvəti gözləyirəm. Yəqin ki, gələn həftə məsələyə tam yekun vurular. Hər halda, rəhbərlik Hüseynovla danışığımdan xəbərdardır. Elə böyük şərtim də yoxdur. “Xəzər Lənkəran”la 1 illik müqavilə bağlamağı razılaşdırmışıq”.

Hüseynov yeni klubu ilə rəsmən anlaşıb, onun düşərgəsinə yollanmağı gözləyir. O, hazırlıqdan kənarda qalmağına görə narahatdır: “İnşallah, “Xəzər Lənkəran”la müqavilə bağlayıb, onun Avstriyadakı təlim-məşq toplanışına yollanacağam. Ora getməklə bağlı viza problemim yoxdur. “Neftçi”də oynadığım zamanı mənim üçün Şengen vizası alınıb. Sadəcə, hələ ki komanda hazırlığında iştirak etmədiyimə görə narahatam. Düzdür, tam istirahət etməyib, fərdi məşq edirəm. Ancaq bu cür çalışmalar istənilən effekti vermir”.

Mehman SÜLEYMANOV