“İspaniya yığmasına yenidən Avropa çempionluğu qazanmaq çox çətin olacaq”
09.06.2012 - 12:02
“İspaniya yığmasına yenidən Avropa çempionluğu qazanmaq çox çətin olacaq”
“15 komandanın hamısı ilə sınaq çətin olacaq. Hamı turnirdə uğur qazanmaq istəyir. Biz ilk rəqibimiz olan İtaliya yığmasına maksimal hörmətlə yanaşırıq. Bizim görüşlərin uzun tarixi var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya millisinin baş məşqçisi Visente del Boske deyib. Son Avropa çempionu artıq start götürən növbəti qitə birinciliyinin əsas favoritlərindən sayılır.

İspanları sabah İtaliya yığması ilə çətin sınaq gözləyir. Baş məşqçi Apennin yarımadasındakı futbolun dünyada ən yaxşılardan sayıldığını bildiklərini deyib: “İtalyanlara qarşı oynamaq isə həddən artıq çətindir. Onlarda nəsil dəyişmə oldu, ancaq bir neçə təcrübəli futbolçusu var. Onlara yeni oyunçular qoşulub. İtaliya ilə matçda pik formada olmalıyıq. Ümid edirəm ki, belə də olacaq. Komanda böyük məsuliyyət hiss edir. Çünki 2008-ci ildə aldığımız titulu qorumaq istəyirik. 2010-cu ildə dünya çempionu olmağımız qələbə hissimizi daha da artırır. İndi bizi yeni çağırış gözləyir ki, bu, stimul olmalıdır”.

Yığmanı 2 il öncə tarixində ilk dəfə dünya çempionu edən təcrübəli ispaniyalı mütəxəssisin fikrincə, Avropada titullarını qorumaq şansları olsa da, bunu reallaşdırmaq çox çətin olacaq: “Bizə qarşı güclü rəqiblər oynayacaq. Bu, açıq və qısa müddətli turnirdir. Orada maksimum 6 oyun keçirə bilərsən. Buna görə də nə desən, ola bilər. Təkcə favoritlər yox, “kiçik” adlandırılan komandalar da titul qazana bilər. 2004-cü ildə Yunanıstan millisini yada salın. Bundan əlavə, uğur qazanmaq üçün bir az də bəxt lazımdır”.