“Fransa millisində oynamış futbolçu ilə danışıqlarımızın nəticəsini gözləyirik”
09.06.2012 - 13:59
“Fransa millisində oynamış futbolçu ilə danışıqlarımızın nəticəsini gözləyirik”
Azərbaycanı Avroliqada təmsil edəcək “Bakı”nın transfer etməyi planlaşdırdığı legioner düşərgəsinə gəlib. Komandanın baş məşqçisi Novruz Əzimov apasport.az saytına açıqlamasında Boliviya yığmasının sağ cinah müdafiəçisi Edemir Rodrigesin Bakıya gəldiyini bildirib. Türkiyənin paytaxtı Ankarada bir neçə gün viza məsələsinin həllini gözləyən legioner artıq “zolaqlılar”ın sərəncamındadır: “Edemiri tibbi müayinədən keçirmişik. Müqavilə bağlamaq üçün onun nəticələrini gözləyirik. Hər şey qaydasında olsa, zədə problemi olmasa, rəsmi anlaşma imzalayacağıq”.

28 yaşlı boliviyalı ilə “1+1” şərti ilə anlaşacağı gözlənilən Azərbaycan kubokunun son qalibi maraq dairəsində olan digər legionerlərlə danışıqların həllini gözləyir. Əzimov Avroliqada sınaqlarına vaxt az qaldığından, bunun daha tez reallaşmağını arzulayır: “Qapıçı Luis Enrike Martines Rodrigesin Kolumbiya yığmasının heyətində iyunun 11-də rəsmi oyunu var. Bundan sonra danışıqları davam etdirəcəyik. Fransa yığmasında oynamış Bernard Mendi ilə də danışıqlar hələ yekunlaşmayıb. Onun da nəticəsini gözləyirik”.

Qeyd edək ki, 2004-06-cı illərdə Fransa yığmasında 4 oyuna çıxan Mendi karyerasının böyük hissəsini vətənində keçirib. PSJ-də 8 il oynayan (2000-08-ci illər, 189 oyun, 2 qol), 31 yaşlı yarımmüdafiəçi 2002/03 mövsümünü icarə əsasında “Bolton”da (21 matç) keçirib. İngiltərədə “Hall Citi” klubunda da oynayan (2008-2010-cu illər, 49 oyun, 2 qol) Bernardın son klubu Danimarkada olub. “Odense”nin heyətinə 36 oyunda 2 qol vuran təcrübəli futbolçu PSJ ilə 2 dəfə Fransa, 1 dəfə Liqa kubokunu qazanıb, 2000-ci ildə 18 yaşlılardan ibarət yığmasının heyətində Avropa çempionu olub.

Mehman SÜLEYMANOV