Ronaldonun transferi üçün 200 milyon avro
09.06.2012 - 15:23
Ronaldonun transferi üçün 200 milyon avro
Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldonun transferi üçün görünməmiş məbləğ təklif olunub. Apasport.az saytının məlumatına görə, Dubay şeyxi Hamdan ibn Məhəmməd Rəşid Əl-Məktum onu Madrid “Real”ından “Milan”a gətirməyi planlaşdırır. Məsələ ondadır ki, həmin zəngin şəxs Milan klubunun səhmlərinin bir hissəsini, daha dəqiq desək, 25 faizini alır. Şeyx buna nail olacağı ilə kluba Ronaldonun keçidi üçün 200 milyon avro verməyə hazır olduğunu açıqlayıb.O, azarkeşi olduğu “Milan”la artıq 5 illik sponsorluq müqaviləsi bağlayıb. Bununla Əl-Məktumun İtaliya nəhənginə 23 milyard avro sərmayə yatıracağı gözlənilir.

“Milan”ın prezidenti, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni şeylxə danışıqları müsbət nəticələnməklə, alacağı 200 milyon avro ilə “San-Siro” stadionunu satın almaq fikrindədir. Bu halda, həmin arenada ev oyunlarını keçirən digər Milan təmsilçisi “İnter” özünə yeni stadion tikməli olacaq.

Qeyd edək ki, “Real” 3 il öncə Ronaldonu “Mançester Yunayted”dən 100 milyon avroya yaxın məbləğə almaqla, dünyanın ən bahalı futbolçusu etdi.