Azərbaycanda 15-ci türkiyəli
10.06.2012 - 13:22
Azərbaycanda 15-ci türkiyəli
“Rəvan”ın baş məşqçisi vəzifəsinə gətirilən türkiyəli Cevat Gülər ölkəsinin Azərbaycan futbolunda bu postda çalışan 15-ci təmsilçisi oldu. Apasport.az saytının məlumatına görə, bunadək 14 türkiyəli klublarımızda baş məşqçilik etmişdi.

Onlardan ikisi yalnız birinci divizionda fəaliyyət göstərib. Bunlar Mətin Dəmirkıran və İbrahim Uzuncadır. Onlar müvafiq olaraq “Şuşa” və “Lokomotiv”ə rəhbərlik edib.

Daha 3 türkiyəlinin Azərbaycandakı iş yeri əvəzedici komanda olub. İlhan Akgül və Ercan Kılıc “Xəzər Lənkəran”, Sebahettin Tekin isə “Qarabağ”da baş məşqçi olub.

Cüneyt Biçər isə Azərbaycanda 2 müxtəlif çempionat, 2 fərqli klub və 3 komandada çalışmaqla rekordçudur. O. “Bakı” və “Xəzər Lənkəran”ın əsas komandaları ilə yanaşı, “Xəzər Lənkəran”ın əvəzedici komandasında da iş başında olub.

Digər 8 türkiyəli isə Premyer Liqa klublarında işləyib. Rasim Kara “Xəzər Lənkəran” və “Qarabağ”da, Fuad Yaman “Karvan”da, Naci Şensoy ilə Mustafa Yılmaz “Turan”da, Şenol Fidan “Xəzər Lənkəran”da, Mehmet Tayfun Türkmən “Gəmclərbirliyi”ndə, Bülənt Korkmaz “Bakı”da, Fatih Kavlak isə “Qəbələ”də çalışmaqla tarixə düşüb.

Qeyd edək ki, bu statistika yalnız Premyer Liqa, I divizion və əvəzedicilərin çempionatına aiddir. Aşağı yaş qruplarından olan komandaların çempionatında isə kifayət qədər türkiyəli uşaq futbol məşqçisi var.

Bundan başqa “Turan”da çalışmış Səlahətdin Dərvənd hesaba alınmayıb. Buna səbəb onun rəsmən baş məşqçi kimi çalışmamağıdır. Belə ki, 004/05 mövsümündə baş məşqçi Naci Şensoy cəzalı olduğu üçün komandanı köməkçisi meydana çıxarıb. 2007/08 mövsümündə isə Dərvənd qeyri-rəsmi baş məşqçi olub. Onun adı heç matçın protokollarına da qeyd olunmayıb.