Ağasəlim Mircavadov: Sürpriz olacaq - MÜSAHİBƏ
11.06.2012 - 12:15
Ağasəlim Mircavadov: Sürpriz olacaq - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Avropa çempionatının qrup mərhələsində I tur başa çatmaq üzrədir. Təəssüratlarınız necədir: Sizi hansı yığma təəccübləndirdi?
- Hollandiya yığması. Bu komanda seçmə mərhələni, yoldaşlıq görüşlərinin demək olar hamısını qələbə ilə başa vurdu. Səhv etmirəmsə, seçmə mərhələdə ən çox qol vuran da hollandlar idi. Ancaq Danimarkaya uduzduqları matçda onların komanda oyununu görmədim. Hollandiya yığması həm dünya, həm də Avropa futboluna çox böyük tarixi hadisələr bəxş edib. Adətən bu komanda oyunu ilə yüksək təsir bağışlayır və bunun parlaq olmağında ideal futbolçularının rolu olub.

- Hansı komandanın oyunu diqqətinizi daha çox çəkdi?
- Məni Yunanıstanın oyunu çox maraqlandırdı. Polşa ilə matçda 10 nəfərlə qalsa da, 2-ci hissədə baş məşqçinin ağıllı dəyişikləri ilə öncə hesabı bərabərləşdirdilər, sonra penaltidən qələbə topunu da vura bilərdi. Deyərdim ki, yunanlar həmin matçda qalib gəlməli idilər. Almaniya həm dünya, həm də Avropa çempionatında “alman maşını” kimi işə düşərək, sona kimi mübarizə aparır. Ancaq bunu yalnız Portuqaliya ilə oyunun 2-ci hissəsində gördük. Özü də tam şəkildə yox. İtaliyanın ispanlarla oyunu çox xoşuma gəldi. Halbuki, seçmə mərhələdə həm az top buraxıb, həm az qol vurub, Rusiyaya 0:3 hesabı ilə uduzduğu yoldaşlıq görüşündə oyunu heç xoşuma gəlmədi. Ancaq biz İtaliyanın başqa futbolunu, ağıllı oyununu, baş məşqçisinin ağıllı əvəzetmələrini gördük. Bunun sayəsində ispanlar qalib gələ bilmədi. İspaniya yığması məni matçın əvvəlindən hücumçusuz oynamağı ilə təəccübləndirdi. Fernando Torres meydana çıxmağı ilə oyun daha maraqlı oldu ki, o, 2 real qol şansını qaçırdı. Elə başa düşürəm ki, İspaniya – İtaliya matçı ən maraqlı oyunlardan biri oldu. 1:1 hesabı hər 2 tərəfi razı salmasa da, ədalətli nəticə idi.

- İndi çoxlarını B qrupundakı vəziyyət maraqlandırır. Sizcə, bu məğlubiyyət Hollandiya yığmasına baha başa gəlib, qrupda saxlaya bilərmi?
- Hollandiyanın Almaniya və Portuqaliya ilə oyunları qrupdan çıxmaq baxımdan “ölüm-dirim” matçı olacaq.

- Turnirin digər favoritləri - Fransa və İngiltərə bu gün mübarizəyə qoşulur. Bu yığmalardan nə gözləyirsiniz?
- Fransızların yoldaşlıq görüşlərini izləmişəm və baş məşqçi Loran Blan heyəti sabitləşdirib. Daha eksperimentlər aparmır və istədiyi futbolçuların oynamağına çalışır. İngiltərədə isə Fabio Kapellonun baş məşqçi postundan gedişindən sonra onu yerli mütəxəssis əvəzlədi. Roy Hocson da təcrübəli mütəxəssisdir və futbolçuları yaxşı tanıyır. Əlbəttə, Fransa – İngiltərə oyunu çox maraqlı olmalıdır və qələbə qazanan komandanın 1/4 finala çıxmaq üçün şansları böyük olacaq. Ukrayna yığmasının Türkiyə ilə yoldaşlıq görüşündə çox zəif olduğundan, bəyənmədim. Ancaq Oleq Bloxin bu yaxınlarda müsahibəsində Avropa çempionatında tam başqa komanda görəcəyimizi vəd edib. Ukrayna SSRİ-dən bizə yaxın olduğundan, bunu görmək istəyirik, ona azarkeşlik edirik.

- AVRO-2012-nin ilk qolunu vuran Polşa yığmasının hücumçusu Robert Levandovski, baş məşqçi Frantişek Jmuda hələ “Xəzər Lənkəran”da işlədiyiniz dövrdən UEFA kubokunda “Lex”lə oyunlardan sizə yaxşı tanışdır. Onları görəndə, nostalji hissləriniz oyandımı?
- Mən özümdə olan arxivi vərəqlədim və maraqlı şeylərə rast gəlmədim. Onda Levandovskini heç kim tanımırdı və yüksək səviyyədə ilk qolunu bizə vurdu. Tanınmasa da, gənc futbolçu kimi tezliklə Avropa klublarının birində oynayacağı hiss olunurdu. Mənim onunla bağlı fikrim düz çıxdı. Robert tezliklə Dortmund “Borussiya”sına keçdi və bu ilki çempionluqlarında çox gözəl oyunla böyük rol oynadı. Komandası “Bavariya” kimi nəhəngdən həm çempionatda, həm də kubokda üstün oldu. Onun qolu gözəl və maraqlı alındı.

- Rusiya və Portuqaliya yığmaları növbəti seçmə mərhələdə rəqiblərimiz olduğundan, onları oyunu daha çox maraq doğurur.. .
- Elə başa düşürəm ki, bu, həmin Rusiya yığması olmayacaq. Çünki onların baş məşqçisi Dik Advokat bu turnirdən sonra PSV-yə gedir. Məndə olan informasiyaya görə, Rusiya millisində yeni baş məşqçi yerli olacaq. O, yaşlı futbolçuları gənclərlə əvəzləyəcək. Əsas fikir də 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına hazırlıq olacaq. Ruslar bu 6 ildə 2 mərhələdə - Braziliyadakı dünya və Fransadakı Avropa çempionatı hazırlaşacaq. Biz də bundan istifadə etməliyik. İlk oyunda dubl edən gənc Alan Dzaqoyev gözəl təsir bağışlayır və belə oyunla Avropanın nəhəng klublarından biri onu aparacaq. Rusiya yığmasının heyətinin “oturuşmuş” olmağı üstünlüyüdür. Portuqaliya yığması isə əvvəl necə oynayırdısa, indi də elə. Yəni onlarda heç bir artım yoxdur. Əlbəttə, Ronaldo kimi liderləri var, ancaq o, Luiş Fiqu, Ruy Koşta kimi liderliyi apara bilmir. Onların orta sahəsi elə də yaxşı görünmür, müdafiəsində isə çox boşluqları olur. Xüsusilə də Pepenin taktiki səhvləri həddən artıq çoxdur və Bundan Mario Qomeş istifadə edərək, başla qol vurdu. Gərək indidən bu 2 rəqibimizlə oyunlarını diqqətlə izləyib, taktiki cəhətdən hazırlaşaq.

- Sizin favoritiniz də Almaniya və İspaniya olduğundan, bu finalı gözləyirsiniz? Yoxsa sürpriz qalib olacağını gözləyirsiniz?
- İnanın mənə, sürprizlər olacaq. Məsələn, çox xoşuma gələn Xorvatiya yığması hücum futbolu göstərir. Yaxşı hücumçuları var və hər epizoddan maksimum istifadə edirlər. Düzdür, Yunanıstan yığması belə baxanda, zəif görünür. Ancaq tempi qaldırsa, çox ağıllı oyunla öz sözünü deyəcək. Hollandiya yığması uduzub, qrupda qalsa, böyük sürpriz olacaq. Mən elə başa düşürəm ki, bu, onun tarixində ilk belə zəif nəticə olacaq.

Mehman SÜLEYMANOV