AZAL-a bir təyyarə futbolçu gəldi
11.06.2012 - 13:40
AZAL-a bir təyyarə futbolçu gəldi
“Bu gündən seleksiya xarakterli məşqlərə start vermişik. Hazırda düşərgədə 50-yə yaxın futbolçu var”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

Heyəti gücləndirmək məqsədilə yeni futbolçuları iş başında yoxlamaq istəyən Sadıqov menecerlərin təklif etdikləri oyunçulara şərait yaradıb. Hazırda Gürcüstan, Serbiya, Çexiya kimi ölkələrdən gələn futbolçulara məşq keçən Sadıqov sabah onları ikitərəfli oyunda sınayacaq: “Sabah Ukraynadan da bir neçə futbolçu düşərgəmizə qoşulacaq. Gələnlərin hamısını iki tərəfli oyunda yoxlayacağıq. Bu matçdan sonra bizə qatılanların sayı yarıbayarı azalacaq”.

Paytaxt təmsilçisi kimlərlə anlaşacağına isə “Bakı” ilə oyundan sonra qərar verəcək. Belə ki, iyunun 16-dək davam edəcək seleksiya məşqlərinə hər gün yeni oyunçular qoşulacaq.

Sonda isə yoxlama matçında onlara şans veriləcək: “İyunun 16-da “Bakı” ilə yoxlama oyunu keçirəcəyik. Baxışda olan futbolçularla balı yekun qərarı da məhz həmin görüşdən sonra verəcəyik. Bəyənəcəyimiz futbolçularla müqavilə imzalayacağıq. Daha sonra komanda iki gün ərzində tibbi baxışdan keçəcək. Ardından isə Türkiyənin Sparta şəhərinə yola düşəcəyik və təlim-məşq toplanışını orada keçirəcəyik”.