“Bundan gözəl yuxu fikirləşə bilməzdim” - MÜSAHİBƏ
12.06.2012 - 12:20
“Bundan gözəl yuxu fikirləşə bilməzdim” - MÜSAHİBƏ
Ukrayna millisinin futbolçusu Andrey Şevçenko AVRO-2012-nin ilk turunun İsveçlə oyununun ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, dubla imza atmaqla komandasına 2:1 hesablı əzmkar qələbə qazandıran 36 yaşlı hücumçu matçdan dərhal sonra Ukrayna mətbuatına müsahibə verib.

- İsveçlə oyun haqda nə deyə bilərsiniz?
- Mən belə bir gecəni heç xəyalıma da gətirə bilməzdim. Bu, sadəcə mümkünsüzdür, amma çox gözəldir. Əgər yuxu görmək istəsəydim, bu gün baş verənlərdən yaxşısını fikirləşə bilməzdim. Elə təəssüratım var ki, elə bil 10 yaş cavanlaşmışam. Bunun üçün çox adam mənimlə məşğul olub. Bu gün onların hamısına təşəkkür edirəm. Bir müddət əvvəl Ukrayna yığmasının heyətində AVRO-2012-də oynamaq fikrindən vaz keçmişdim. Dizimdə və belimdə ciddi problemlər var idi. Lakin mütəxəssislərin sayəsində indi belə formadayam.

- 2009-cu ildə Yunanıstanla pley-off oyunundan sonra “Donbass-Arena”nı gözüyaşlı tərk etmişdiniz. İndi həmin məğlubiyyəti kompensasiya etdiniz?
- Qrupdan çıxanda sonra hansısa kompensasiya haqda danışmaq olar. Hələlik isə növbəti tarixi qələbəmizi qazandıq ki, bunu da bütün azarkeşlərimizə hədiyyə edirik. Unutmaq lazım deyil ki, bizi qarşıda qrup mərhələsinin 2 vacib oyunu gözləyir. Bu üzdən də yaxşı bərpa olunub, həmin 2 matça məsuliyyətlə hazırlaşmalıyıq. Qrupdan çıxmaq üçün bizim yaxşı şanslarımız var. Ancaq indi qələbəyə bir az sevinib, Fransa və İngiltərə ilə oyunlara köklənməliyik.

- İkinci topu dirəyin düz yanından keçirdiniz. Məhz belə vurmağı planlaşdırmışdınız?
- Meydanda hərəkət edən hücumçu kimi, mən də daim meydanda boşluq axtarıram. İlk qolun ötürməsinə görə Yarmolenkoya təşəkkür edirəm. Həmin an rəqibi 1 saniyə qabaqlaya bildim. İkinci qola aparan kombinasiya üzərində isə biz məşqlərdə çalışmışıq. Qələbə qolunun təkrarını izləmək imkanım olub, deyə bilərəm ki, top qapıdan keçə biləcəyi yeganə boş nöqtədən getdi. Futbol da elə bununla gözəldir ki, istifadə etməli olduğun şansı qazanırsan.

- 2006-cı ildə Almaniyadakı dünya çempionatında 1/4 finaladək irəlilədiniz. Bəs indi nəyə nail ola bilərsiniz?
- Mən belə paralellər aparmazdım. Həmin vaxt qrupumuzda cəmi bir əsl güclü komanda – İspaniya var idi. Biz də bu komanda ilə start oyununu bərbad etmişdik. Lakin bunu sonrakı oyunlarda düzəltmək çətin olmamışdı. Nəticədə layiqli çıxış etmişdik. İndi isə çox çətin qrupa düşmüşük. Bütün komandalar təxminən eyni gücdədir. Ancaq bu qələbə bizə növbəti rəqiblər üzərində psixoloji üstünlük gətirməlidir. İstənilən halda, ilk oyunu artıq udmuşuq. Özü də oyunun gedişində hesabı bərabərləşdirməli də olduq. Fransa və İngiltərə ilə oyunlar öncəsi arxayınlaşmağa hazırlaşmırıq. Bu qələbə futbolçulardan heç birinin başını gicəlləndirməməlidir. Əksinə, birləşmək və çox ağır olacaq qarşıdakı görüşlərə hazırlaşmaq lazımdır.