Arveladze Bakıya gəlir
12.06.2012 - 15:45
Arveladze Bakıya gəlir
Gürcüstan Futbol Federasiyası (GFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katiblərinin görüşünün vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Elxan Məmmədovla gürcüstanlı həmkarı Revaz Arveladze ilə iyulun 5-də Bakıda görüşəcək.

Avro-2020-nin ev sahibliyi ilə bağlı AFFA və GFF rəhbərliyi arasında 2012-ci il iyunun 1-də Batumi şəhərində keçirilmiş görüşün nəticəsi olaraq hər iki federasiyanın prezidentləri baş katiblərə İşçi Qrupun tərkibinin müəyyənləşdirilməsi və müvafiq hazırlıq işlərinin təşkilini tapşırıb. Bu görüşdən sonra hər iki federasiya arasında bir necə işçi telekonfranslar keçirilib.

Qeyd edək ki, 2012-ci il iyunun 30-da Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Həmin iclasda mümkün namizədlər, Avro-2020-nin ev sahibliyi ilə bağlı tenderə hazırlıq işləri və sifariş sənədlərinin təsdiq şərtləri müzakirə olunacaq. İclasdan bir necə gün sonra Avro-2020-nin ev sahibliyinə namizəd assosiasiyalara turnirin keçirilməsi ilə bağlı tenderdə iştirak şərtləri əks olunmuş bütün müvafiq sənədlər göndəriləcək. Tenderdə iştirakla bağlı sənədlər alınacağı təqdirdə iki federasiyanın birgə İşçi Qrupu yaradılacaq.

Mənbə: affa.az