“Tofiq Bəhramov”un istifadəyə veriləcəyi vaxt açıqlandı
12.06.2012 - 23:05
“Tofiq Bəhramov”un istifadəyə veriləcəyi vaxt açıqlandı
“Stadionda nəzərdə tutulan işlərin 80 faizi artıq görülüb”. Bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Ötən ilin oktyabrından təmirə dayandırılan ölkənin baş arenasının açılışı aprel ayına gözlənilsə də, sonrada bu proses uzadıldı.

Daha doğrusu, “Avroviziya” üçün ehtiyat məkan kimi nəzərdə tutulan stadiona ehtiyac olmadığından işlərin daha keyfiyyətli görülməsi üçün vaxt uzadıldı. Amma iyul ayında respublika stadionu azarkeşlərin sərəncamına veriləcək: “Gələn ay stadionun açılışı olacaq. Bu məqsədlə qaçış zolağında, meydançada tamamlama işləri görülür”.

İsmayılov ötən illərdən fərqli, klublarımızın bu dəfə avrokubok oyunları zamanı baş arenanın xidmətindən yararlana bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, tezliklə stadiona ot toxumları səpiləcək ki, onların da bərkiməsi üçün müəyyən zamana ehtiyac var: “Oyunlara qədər stadion hazır olmayacaq. Açılış mərasimi keçirildikdən sonra avqust ayındakı oyunu gözləyəcəyik. Qazonla əlaqədar tezliklə oyun keçirmək olmaz.

Düzdür, hələ yeni toxumlar səpilməyib. Amma toxum səpildikdən sonra ən azı 1 ay gözləmək lazım olacaq ki, otun kökü bərkisin”.