Konstantin Arbanas və Bruno Simao “Xəzər Lənkəran”ı gözləyir
12.06.2012 - 19:00
Konstantin Arbanas və Bruno Simao “Xəzər Lənkəran”ı gözləyir
Azərbaycanın Avroliqadakı təmsilçilərinin potensial rəqibləri arasında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmən təsdiqlədiyi 2012/13 mövsümündə iştirakçılarının siyahısında 4 ölkə qabağa düşüb.

Belə ki, qitə futbol qurumunun yekun hesablamasından sonra reytinqində 33-36-cı yerlərdə olan Moldova, Litva, Latviya və Gürcüstanın kubok qaliblərinin mübarizəyə I yox, II təsnifat mərhələsində başlayacağı müəyyənləşib. Bunlar müvafiq olaraq “Milsami-Ursidos”, “Jalgiris, “Skonto” və “Dila” klublarıdır.

Madrid “Atletiko”sunun Avroliqanın son qalibi olmağı da düzülüşə təsir edib. Siyahıda 37-ci olan Azərbaycan özündən irəlidə olan Gürcüstandan 0,792 xal geri qaldığından, həmin “dördlüy”ə düşməyib.

Bununla da ölkə kubokun son qalibi “Bakı” ilə gümüş və bürünc medalçılarımız – “Xəzər Lənkəran”la “İnter” mübarizəyə iyulun 5-də start götürəcək I təsnifat mərhələsindən başlayacaq. İyunun 25-də keçiriləcək püşkatma rəqiblərimizi müəyyənləşdirəcək. UEFA yaxın vaxtda yekun siyahı ilə bağlı milli assosiasiyaları və klubları rəsmən məlumatlandıracaq.

Qeyd edək ki, “Milsami-Ursidos”ın heyətində “Xəzər Lənkəran”ın sabiq futbolçuları – portuqaliyalı müdafiəçi Bruno Simao ilə moldovalı yarımmüdafiəçi Konstantin Arbanas çıxış edir.