Abışovu istəməyənlər
13.06.2012 - 17:00
Abışovu istəməyənlər
“Xəzər Lənkəran” mövsümlərarası fasilədə transferlərə müdafiənin mərkəzini gücləndirməklə başladı. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin Buxarest “Dinamo”sundan qaytardığı rumıniyalı Manuel Skarlatake və “Neftçi” ilə yollarını ayıran Ruslan Abışov bu mövqedə çıxış edirlər. Bununla, baş məşqçi Yunis Hüseynov heyətin gücləndirilməyinə müdafiənin mərkəzinə “əl gəzdirməklə” start götürdü.

Əslində, son il yarımda “Xəzər Lənkəran”ın şərəfini qoruyan rumıniyalı Andrey Mureşanla, qışda icarəyə götürülən serbiyalı Stevan Batesin göndərilməsi yeni mərkəz müdafiəçilərinin alınmasına işarə idi. Düzdür, Mureşan Lənkərana gələndə ilk vaxtlar dayaq yarımmüdafiəçi kimi oynayıb, sonradan müdafiənin mərkəzinə çəkildi. Ancaq Hüseynovun komandaya gəlişindən az sonra Mureşanı ehtiyata göndərməyi onun xidmətində maraqlı olmamağı demək idi. Bates isə “İnter”lə Lənkərandakı matçda qırmızı vərəqə aldıqdan sonra oynamayaraq, mövsümün sonunu ehtiyatda keçirdi.

Abışovun gəlişi ilə albaniyalı müdafiəçi Elvin Beçirinin əsas heyətə düşmək şansı azalır. Onun klubla müqaviləsinin bu ilin sonunda başa çatacağını nəzərə alsaq, anlaşması bitən kimi gedəcəyi realdır. Ancaq 2010-cu ilin qışında transfer olunan Elvinin bunadək də göndəriləcəyi istisna olunmur.

Ötən mövsümdə Beçiri ilə birgə müdafiənin mərkəzində çıxış edən Elnur Allahverdiyev isə millimizin üzvüdür və universallığı ilə seçilir. Yəni, Ruslanın gəlişindən sonra Elnur karyerasında daha çox oynadığı müdafiənin sol cinahında yer ala bilər. Bu zaman Hüseynovun gəlişinə kimi “Xəzər Lənkəran”a qaytarılan bolqar müdafiəçi Radomir Todorovun ehtiyata düşəcəyi gözlənilir.

Allahverdiyev müdafiənin sağında da oynamaq bacarığına malik olsa belə, həmin mövqedə Eder Bonfim əsas heyətdə yerini möhkəmlədib.

Abışov “Xəzər Lənkəran”a təkcə müdafiənin mərkəzində yox, önündə də faydalı ola bilər.

Hər halda, o, “Neftçi”də və millidə dayaq yarımmüdafiəçisi kimi oynayıb. Sadəcə, Lənkəran klubunda bu mövqedə futbolçular yetərincədir ki, onlar arasında millimizin digər üzvü Rahid Əmirquliyev, xorvatiyalı Robert Alviş və braziliyalı Rikardo Qomeşi misal göstərmək olar.

Sözsüz ki, Ruslanın hansı mövqedə oynamağının daha məqsədəuyğun olduğunu və ümumiyyətlə, heyətlə bağlı məsələləri Hüseynov müəyyənləşdirəcək.