Yunis Hüseynov: Hara getsəydim, onu transfer edəcəkdim
13.06.2012 - 17:17
Yunis Hüseynov: Hara getsəydim, onu transfer edəcəkdim
“Ruslan Abışov artıq Avstriyadadır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Avroliqaya hazırlıq məqsədilə Avstriyada təlim-məşq toplanışında olan cənub təmsilçisi “Neftçi” ilə yollarını ayıran Ruslan Abışovun keçidini həll edib.

Bu gün Avstriyaya yollanan millimizin 25 yaşlı müdafiəçisi “Xəzər Lənkəran”ın hazırlığına qatılacaq. Hüseynovun sözlərinə görə, Abışovu xeyli vaxtdır gözaltı edibmiş: “Ruslan Azərbaycanın ən yaxşı futbolçularından biridir. Onu çoxdandır sərəncamında görmək istəyirdim. Hara getsəydim, onu transfer edəcəkdim. Ruslanın “Neftçi” ilə müqaviləsi bitmişdi və onu transfer etməyi qərara aldıq. Futbolçu ilə söhbətimiz oldu və “Xəzər Lənkəran”a keçidə razılığını verdi”.

Ruslan həm müdafiənin mərkəzində, həm də dayaq yarımmüdafiəçisi kimi çıxış edə bilər. Maraqlıdır, 47 yaşlı çalışdırıcı onu hansı mövqedə oynatmaq fikrindədir?

Hüseynov bildirib ki, bu, oyunlardan asılı olacaq: “Ruslanı həm müdafiədə, həm də yarımmüdafiədə oynada bilərəm. Ancaq onu deyə bilərəm ki, Abışovun gəlişi ilə hansısa müdafiəçimiz getməyəcək. Sadəcə, komandamızda rəqabət artacaq ki, bu da bizim üçün faydalıdır. Ümumiyyətlə, hansısa futbolçumuzla yollarımız ayırmaq nəzərdə tutulmayıb. Elnur Abdullayev də daxil olmaqla, bütün futbolçular məşqlərimizdə iştirak edir”.

“Neftçi” ilə müqaviləsi bitən digər futbolçu - Cavid Hüseynovun “Xəzər Lənkəran”a keçidi ilə bağlı real bir şeyin olmadığını deyən Hüseynov yeni legionerlər axtarışındadır: “İndi bizə hücumçu transfer etmək lazımdır. Həm ön xəttə, həm də yarımmüdafiənin cinahlarına futbolçu axtarışındayıq. Bu mövqelərə 2-3 legioner ala bilsəydik, yaxşı olar”.

Mehman SÜLEYMANOV