“Xəzər Lənkəran” 2 futbolçudan imtina etdi
17.06.2012 - 14:35
“Xəzər Lənkəran” 2 futbolçudan imtina etdi
İyunun 5-dən Avstriyanın Kirxdorf şəhərciyində təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” öncədən məskunlaşdığı “Das Seiwald” otelini tərk edib. Apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşının xəbərinə görə, səhər saatlarında “Kaiser”ə köç edən “ağ-yaşıllar” iyunun 29-dək bu oteldə məskunlaşacaq.

Almaniya Regional Liqasında mübarizə aparan "Starnberq"lə ilk yoxlama oyunundan (6:0) sonra futbolçulara 1 günlük istirahət verən baş məşqçi Yunis Hüseynov komandanı axşam məşqinə çıxaracaq.

Heyətə yeni gələn olmasa da, artıq 2 futbolçunun cənub təmsilçisindən ayrılacağı dəqiqləşib.

Belə ki, əzəli rəqibi “Neftçi”dən Ruslan Abışovu qoparan “Xəzər Lənkəran” albaniyalı müdafiəçi Elvin Beçiridən imtina edib. Yunis Hüseynovun geri qaytardığı futbolçu isə almanlarla oyunda 3 qol vuran Joao Paulo Pinto Ribeyrodur.

Son bir ildə icarə əsasında Kiprin müxtəlif klublarında oynamış Pinto “Starnberq”lə matçda het-trik etməsinə baxmayaraq, onun hazırlıq vəziyyəti Hüseynovu razı salmayıb.