Prins Lənkərana gəlir
25.06.2012 - 16:05
Prins Lənkərana gəlir
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran” ilə qarşılaşacaq Estoniyanın “Nomme Kalyu” klubu gələn il 90 yaşını qeyd edəcək. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin rəqibi 1923-cü ildə yaradılıb.

Paytaxt Tallini təmsil edən komanda sonradan fəaliyyətini dayandırsa da 1997-ci ildə yenidən bərpa olunub. Tallinin “Hiyu” stadionunda oynayan klubun ev arenası cəmi 500 tamaşaçı tutumuna malikdir. Prezidenti Kuno Texva, baş məşqçisi İqor Prins olan komanda 15 il əvvəl bərpa olunduqdan sonra yüksəlməyə başlayıb.

1997-2004-cü illərdə 3-cü liqada oynayan “Nomme Kalyu” 2005-ci ildəki debütdə 2-ci liqanın da qalibi adını qazanır. Növbəti il 1-ci dəstədəki çempionluq isə klubu güclülər dəstəsinə yüksəldir.

Elitadakı debüt ilində - 2008-ci ildə 4-cü olan tallinlilər TVMK-nın dağılması sayəsində 2009/10 mövsümündə Avropa Liqasında oynamaq imkanı qazanır. 2008/09 mövsümündə kubokun finalına çıxan “Nomme Kalyu” tarixinin ən böyük uğurunu ötən mövsüm əldə edib. Həmin vaxt komanda çempionatda ilk mükafatını – gümüşü əldə edib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq futbolçusu Tihon Şişov da hazırda “Nomme Kalyu”da çıxış edir.