“Neftçi” ilə oyunlar çox çətin olacaq”
25.06.2012 - 16:40
“Neftçi” ilə oyunlar çox çətin olacaq”
“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan “Zestafoni”nin baş məşqçisi Georgi Çiabrişvilinin apasport.az saytına müsahibəsi

- Püşk haqda fikirlərinizi bilmək maraqlıdır...
- Hesab edirəm ki, rəqibimiz “Neftçi” çox yaxşı komandadır. O, Azərbaycanın ən köklü klubudur, həmişə liderlər sırasında yer alıb. Heyətində çox yaxşı legionerlər var. Buna görə bizə “Neftçi” ilə bizə çox çətin olacağını düşünürəm.

- Belə demək olar ki, mərhələ keçməyə az ümidlisiniz?
- Yox. Bizə çox güclü rəqib düşsə də, mərhələ keçəcəyimizə ümid edirəm. Buna nail olmağa çalışacağıq.

- Sizcə, püşkdə kimin bəxti gətirdi?
- Bunu oyunlar göstərəcək. Mən indidən bunu deyə bilmərəm. Əgər “Neftçi” bizə keçsə, deməli onu, əgər biz “Negtçi”ni keçsək, deməli bizim bəxtimiz gətirib.

- İlk oyunu səfərdə keçirməli olacaqsınız. Bunu üstünlük sayırsınız?
- Bəli. Çünki adətən kubok oyunlarında ilk oyunu səfərdə keçirmək daha yaxşıdır. Çünki mərhələ keçməyə lazım olan nəticəni qazanmaq üçün cavab oyunu var və bunu evdə keçirəcəksən.

- Qonşu ölkələr olduğumuzdan, “Neftçi” haqda məlumat toplamaq sizə çətin olmayacaq.
- Elədir. Məncə, elə sizin komandanıza da bizim haqda informasiya toplamaq çətin olmayacaq. Çünki biz bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə, mən “Neftçi”yə oyunlarımız olan diskləri verməyə hazıram. Çünki mən gizli saxlamağın xoşlamıram, bunun tərəfdarı deyiləm. Elə “Neftçi” də Gürcüstandakı əlaqələrindən, dost-tanışlarından yararlanıb, bizim haqda məlumat toplaya bilər. Qoy, “Neftçi” bizim oyunları, biz də onun oyunlarını görək. Onda hər ikimizə rahat olar və maraqlı mübarizə izləyərik.

- Komandanızdakı bir sıra futbolçular Azərbaycan çempionatında oynamağı da sizin üstünlüyünüzdür...
- Razıyam. Mən bundan istifadə etməyə çalışacağam. Azərbaycanı yaxşı tanıyanlarla söhbətləşib, komandanıza qarşı oynamaq, onu qalib gəlməyin yollarını öyrənməyə çalışacağam.

- Oyunlara qədər “Neftçi”nin yoxlama oyununu izləmək fikriniz var?
- Buna çalışacağam. Biz Çempionlar Liqasına hazırlıq məqsədilə Avstriyaya təlim-məşq toplanışına yollanacağıq. Bildiyimə görə, “Neftçi” də Avropaya hazırlığa gələcək. Bu zaman ya özüm, ya da köməkçim, yaxud menecerimiz rəqibin matçını izləməyə gedə bilər.

- Ümumiyyətlə, mövsüm bitəndən sonra komandanızdakı dəyişiklər haqda nə deyə bilərsiniz?
- Çempion olduqdan sonra komandamızdan futbolçulardan çoxu getdi. Özü də onlar yaxşı klublara keçdilər. Onların əvəzinə demək olar heç kim gəlməyib. Ancaq ümidimi itirmirəm. Çünki fikrimcə, əlimin altında olan futbolçularla da mərhələ adlamağa çalışa bilərik.

- Şansları necə dəyərləndirərdiniz?
- Şansları bərabər sayıram. Kim həmin oyunlar günü daha yaxşı hazırlıqlı, güclü olsa, o da mərhələ keçəcək.

Mehman SÜLEYMANOV