“Mura”ya 4:0 hesabı ilə qalib gəlməyimiz aldadıcı olmasın” - MÜSAHİBƏ
25.06.2012 - 17:46
“Mura”ya 4:0 hesabı ilə qalib gəlməyimiz aldadıcı olmasın”  - MÜSAHİBƏ
Azərbaycanı Avroliqada təmsil edən “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi

- UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada iştirak etdiniz. Nəticəni necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, bizə rəqib Sloveniyanın “Mura” klubu düşdü. İnşallah, onu keçsək, Bolqarıstanın MOİK klubu ilə oynayacağıq. Avropada qarşısına məqsəd qoyan komanda üçün rəqibin fərqi olmamalıdır. Bizə bu rəqib düşdü, onunla oyunu, mərhələ keçməyi fikirləşirik, başqa heç nə. “Mura”nı keçəndən sonra artıq Sofiya təmsilçisi ilə sınaq haqda düşünəcəyik.

- Bolqarıstan klubu “Bakı”ya avrokuboklardan tanışdır...
- Bəli. Biz 3 il öncə Çempionlar Liqasında Sofiyanın digər təmsilçisi – “Levski” ilə oynamışıq. Bunlar Bolqarıstanın ən güclü klublarıdır. “Bakı”da da bu 3 ildə dəyişiklər olub. İnşallah, “Muran”nı keçək, sonra MOİK haqda danışarıq. Hələ ki bütün diqqətimizi Sloveniya komandası ilə oyunlara yönəltmişik.

- “Mura” ilə dünən yoxlama oyununda 4:0 hesabı ilə qalib gəlmisiniz...
- Onu qeyd edim ki, biz “Mura”nın əvəzedici komandasına qarşı oynamışıq. Onun əsas komandası bizdən öncə “Maribor”la görüşüb. Buna görə “Mura”ya belə hesabla yenməyimiz hələ heç nə demək deyil. Baxmayın ki, onlara 4:0 hesabı ilə qalib gəlmişik. Bu nəticə aldadıcı olmasın. “Mura” yaxşı komandadır, keçmiş Yuqoslaviyanın təmsilçisidir. Yuqoslaviya, ümumiyyətlə, Balkan futbolu həmişə yaxşı cəhətləri ilə seçilib. Buna görə də heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Bizim heç belə fikrimiz də yoxdur. Məqsədimiz “Mura” ilə oyunlara ciddi hazırlaşıb, mərhələ keçməkdir.

- Hər halda, hazırlıq dövrünü Sloveniyada keçirməyiniz yerinə düşdü. Bu, sizin xeyrinizə olmalıdır...
- Bəli, bu, bizim üstünlüyümüz olacaq. Çünki qaldığımız yerlə onlar arasında cəmi 10 kilometr məsafə var. Artıq bir müddətdir Sloveniyadayıq, buranın havasına, iqliminə uyğunlaşmışıq. Bu cəhətdən sloveniyalılarla müqayisədə bizə daha rahat olacaq. “Mura” isə Bakıya gəlib, adaptasiya keçməli olacaq.

- İlk oyunu evdə, yoxsa səfərdə keçirəcəyinizə aydınlıq gəldimi? Çünki Avroliqadakı digər paytaxt təmsilçisi – “İnter” də püşkə görə ilk oyunu edə keçirməlidir və “Dalğa Arena”dakı oyunlar üst-üstə düşəcək...
- Hazırda bu məsələ açıq qalır, az sonra aydınlıq gələcək. Biz püşkatmadan çıxıb, Sloveniyaya qayıdırıq, nümayəndəmiz Kamran İsmayılov orada bu işlə məşğul olur. Məsələ ondadır ki, “İnter” çempionatda 3-cü, biz isə 6-cı yeri tutduğundan, onlardan bizdən üstün durumdadır. Yəni ilk olaraq UEFA onların məsələsinə baxacaq.

- Sizə Sloveniyada hazırlıq keçdiyinizdən, ilk oyunu orada keçirmək sərfəlidir...
- Bəli. Biz “Muran”nın nümayəndələri ilə danışdıq və onlar matçlarının yerlərini dəyişdirib, yəni ilk oyunu Bakıda keçirilməsinə razıdırlar. Ancaq son qərarı UEFA verir və dediyim kimi, ilk olaraq “İnter” – “Trans” cütünə baxılacaq. Əgər estonlarla razılığa gələ bilməsələr, onda ilk oyunu biz səfərdə keçirə bilərik.

- Ehtiyat meydança haranı göstərmisiniz?
- İnşallah, 2-ci mərhələ keçsək, MOİK-lə iyulun 19-da oynayacağıq. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionu istifadəyə verilməlidir. Ümid edirik ki, növbəti mərhələdə mərkəzi arenada çıxış edəcəyik.

Mehman SÜLEYMANOV