UEFA Avroliqada oyunlarımızın birinin yerini dəyişdirdi
25.06.2012 - 18:51
UEFA Avroliqada oyunlarımızın birinin yerini dəyişdirdi
UEFA Avroliqadakı təmsilçilərimizdən “İnter”in ilk oyununun yerini dəyişdirib. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş meneceri Səbuhi Səfiyarlı Estoniya “Trans” klubu ilə ilk matçı səfərdə keçirəcəklərini bildirib. İsveçrənin Nyon şəhərində tədbirdə iştirak edən Səfiyarlı qitə futbol qurumunun bu haqda püşkatmadan sonra keçirilən toplantıda qərar verdiyini bildirib: “Bildiyiniz kimi, püşkə görə “Bakı” kimi bizim də ilk oyunumuz iyulun 5-də evdə olmalı idi. Hər 2 komanda rəqibini “Dalğa Arena”da qəbul etməli olsa da, UEFA bizə görə oyunun yerini dəyişdirmədi. Bu, estonlara görə oldu. Belə ki, orada 19 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələ oyunları gedir və stadion problemi var. “Xəzər Lənkəran”a da bizim kimi Estoniya klubu düşüb. Ancaq bizim rəqibin reytinqi “Nomme Kalyu”dan daha yüksək olduğundan, ilk olaraq onun məsələsinə baxıldı. Qərara alındı ki, “Trans” ilk matçını evdə keçirsin. Rəqibimiz Narva təmsilçisi də olsa, oyunu başqa şəhərdə keçirəcəyik. “Xəzər Lənkəran” isə püşkdə nəzərdə tutulduğu kimi, ilk olaraq iyulun 5-də Lənkəranda, 12-də Tallində oynayacaq”.

Bununla da “bankirlər”in Sloveniyada təlim-məşq toplanışı iyunun 29-da bitməyərək, davam edəcək və komanda oradan birbaşa Estoniyaya yollanacaq. Hazırda Sloveniyada toplanışda olan “Bakı” ilə Avstriyada hazırlıq keçən “Xəzər Lənkəran” isə iyulun 5-də evdə oynayacaqlarından, 29-da geri qayıdacaqlar.

Qeyd edək ki, “Xəzər Lənkəran” çempionatı 2-ci, “İnter” 3-cü, ölkə kubokunun qalibi kimi Avroliqaya vəsiqə qazanan “Bakı” 6-cı yerdə bitirib.

Mehman SÜLEYMANOV