Cahangir Hacıyev: Qrupa düşmək əla olardı
25.06.2012 - 23:01
Cahangir Hacıyev: Qrupa düşmək əla olardı
Bakıda Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş U-13 yaş kateqoriyası üzrə uşaq komandaları arasında turnir start götürüb. Apasport.az saytının xəbərinə görə, 8 komandanın qatıldığı yarışın açılış mərasimi keçirilib. Dövlət himni səsləndikdən sonra, bədii hissəyə start verildi. AFFA-nın dəstəyi, “İnter” PİK və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda komandaların bütün xərclərini (bilet, otel, viza) bank ödəyir. Bundan başqa, şəhəri gəzintiyə çıxan zaman komandaların hamısına xüsusi geyim dəstləri paylanıb.

İBA U-13 Cup turnirinin açılışında Beynəlxalq Bankın İdarə heyətinin sədri, AFFA İcariyyə Komitəsinin üzvü, “İnter” PİK fəxri prezidenti Cahangir Hacıyev, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edirdi. Açılış mərasimi keçirildikdən sonra bank rəhbəri apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

- Bu turnir Beynəlxalq Bankın 20 illik yubileyi münasibəti ilə keçirilir. Eyni zamanda Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 7 ildir ki, Sabahın ulduzları yarışı təşkil edilir. Açılışında iştirak etdiyiniz beynəlxalq turniri həmin yarışın davamı hesab etmək olarmı?
- Beynəlxalq Bankın 20 illik yubileyi çərçivəsində bir neçə tədbir nəzərdə tutulub ki, onlardan biri də beynəlxalq futbol turniridir. Turnir 13 yaşadək futbolçular arasında keçirilir. Bu ilk təşəbbüsümüzdür. Yarışı Beynəlxalq bankın 20 illik yubileyinə həsr etmişik. Səkkiz ölkədən klub komandaları iştirak edir. Turnirin uğurlu keçəcəyinə şübhə etmirəm. Çalışacağıq ki, yarış ənənə halını alsın və hər il keçirilsin.

- Turnirin ənənə halını alacağını dediniz. Yarışın gələcəyini necə görürsüz?
- Bu bizim imkanlardan asılı olacaq. Eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov da buradadır. Bu turnir AFFA-nın dəstəyi, Bakı Futbol Federasiyası və “İnter” Peşəkar İdman Klubunun təşkilatçılığı ilə keçirilir. Təbii ki, yarışın gələcəkdə hansı formatda keçirilməsiylə bağlı AFFA ilə məsləhətləşmələr edəcəyik.

- Bu turnir «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»nın müddəalarına uyğun gəlirmi?
- Futbolun inkişafı göz qabağındadır. İldən ilə futbolla məşğul olanların sayı sürətlə artır. Bir neçə il əvvəl cəmi 1000-1500 nəfər bu sahəyə maraq göstərirdisə, artıq bu rəqəm 30 minə yaxınlaşıb. Bu da inkişafdan xəbər verir. Onu da qeyd edim ki, bu uşaqlar arasında keçirilən ilk turnir deyil. Bundan əvvəl başqa klublarımız da belə turnir təşkil edib. “Qəbələ” futbol klubunun keçirdiyi yarış çox gözəl təşəbbüs idi. Bu başlanğıcdır.

- Bu il ölkəmizdə “İdman ili” elan edilib. Eyni zamanda FİFA U-17 qadınlar arası dünya çempionatı Azərbaycanda keçiriləcək. Beynəlxalq bankın 20 illik yubiley tədbirləri isə il ərzində davam edəcək. Futbolla bağlı daha hansı planlarınız var?
- Artıq futbol turnirnə start verdik. Bundan başqa, “Şəfa” stadionunda yenidənqurma işləri aparılır. İşlər tam sürətlə davam etridilir və senytabr ayına qədər başa çatdırılmalıdır. Bildiyiniz kimi, Beynəlxalq Bank “İnter”in sponsorudur və stadionda görülən işlərdə öz köməkliyimizi əsirgəmirik. Çünki həmin stadionda yalnız “İnter” deyil, yaşından asılı olmayaraq digər klubların futbolçuları, eləcə də yığma istifadə edir və edəcək də.

- Yeri gəlmişkən, Beynəlxalq Bankın sponsoru olduğu “İnter”in Avropa Liqasındakı rəqibi müəyyənləşib. Təmsilçimiz Estoniyanın “Trans” klubu ilə qarşılaşacaq. “İnter”in şanslarını necə dəyərləndirirsiz və komandanın qarşısına hansı məqsəd qoyulub?
- Əvvəlcədən heç nə demək istəmirəm. Bu oyunda iki tərəf var. Yəni hər şey “İnter”dən asılı deyil. Hardasa bəxt amilini də unutmaq olmaz. Amma komandanın qarşısına məqsəd qoyulub. Mərhələlər adlamaq, eləcə də qrup mərhələsinə yüksəlmək əla olardı. Yalnız “İnter”ə deyil, bütün klublarımıza avrokubok oyunlarında uğurlar arzulayırıq.