Namiq Yusifov: Kimsə özünü aldatmamalıdı - MÜSAHİBƏ
25.06.2012 - 23:05
Namiq Yusifov: Kimsə özünü aldatmamalıdı - MÜSAHİBƏ
“Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifovun apasport.az saytına müsahibəsi

- Mayın 11-dən istirahətdəsiz. Məziniyyətiniz necə keçdi?
- Pis alınmadı. Xeyli vaxtdır ki, bu qədər istirahət etmirdik. İnşallah, bu komandaya da yaxşı təsir edər. Halbuki əvvəlki illərdə cəmi iki həftə dincəlməyə vaxtımız olurdu. Digər komandalar isə bizdən çox istirahət edirdi. Nəticədə biz yorğun olurduq.

- “Qarabağ”ın oyunçuları az dincəlməkdən şikayət edirdi. Amma bu dəfə kifayət qədər istirahət etdiniz. Bu yeni mövsümdə məqsədə doğru irəliləməyinizə müsbət təsir göstərəcəkmi?
- İnşallah, çempionatda yaxşı tərəfdən öz təsirini göstərər.

- İstirahət zamanı ancaq ölkədə oldunuz, yoxsa dincəlmək üçün harasa yollandınız?
- Niyə ki? Az-az da olsa, İstanbul, Dubay və Moskva şəhərlərində oldum. Çalışdım dincəlim.

- Hərə bir cür dincəlir. Kimisi daha çox yatır, kimisi də gəzməyi xoşlayır. Adını çəkdiyiniz şəhərlərdə olarkən, tarixi yerləri gəzdinizmi?
- Yatmağı xoşlayıram. Ona görə də yatmağımdan qalan deyiləm. İstanbuldan çox xoşum gəldi. Düzdür, bu şəhərdə olmuşdum. Amma bu qədər təəssüratla dönməmişdim. Hər təfədən dənizlə əhatə olunması cəlbedicidir. Tarixi yerlərə gəldikdə, etiraf edim ki, bu cür yerlərə marağım yoxdur. Yenə deyirəm, şəhərin dənizlə əhatə olmasının ayrıca yeri var. Bakı dənizin sahilindədir. Amma İstanbulda hardan baxırsansa, dənizi görürsən. Boğaziçini gəzdim. Bu tip şəhərləri sevirəm. Həm də orada cəmi 3 gün oldum.

- Komanda dünəndən etibarən məşqlərini bərpa edib. Təxminən ayyarımlıq fasilədən sonra özünü necə hiss etdin?
- Bu bizim işimizdir. Ona görə də hazır olmalıyıq. Əsas psixoloji hazırlıqdır. Əgr düşünsən ki, ay da ay yarımdır məşq etmirəm, yenə başladı, çətin olacaq, onda problem yaşamağın qaçılmazdır. Amma buna öz sevimli işin kimi yanaşmalı, ondan zövq almalısan. Bildiyimiz işdir, yeni nəsə öyrənmirik ki.

- Özün necə, psixoloji cəhətdən hazırsanmı?
- Əlbəttə, məşqlər üçün darıxmışam.

- Adətən fasiləyə yollanan zaman futbolçulara fərdi hazırlıq planı verilir. Sizə necə, belə plan verilmişdimi?
- Fiziki hazırlıq üzrə məşqçimiz Çudomir Çakarov bizə də belə plan vermişdi. Yəni həftədə minimum 3 dəfə fərdi qaydada qaçmalı, hovuzda üzməli idik. Məqsəd isə hazırlıq prosesinə hazır qayıtmaqdı.

- Bəs futbolçuların bu plana nə dərəcədə əməl edib-etməməsini necə yoxlayırlar?
- Bu artıq futbolçunun özündən asılıdır. Kimsə özü-özünü aldatmamalıdır. Verilən plan futbolçuya lazımdır. Ondan ötürü verilir ki, məşqlərə başlayan vaxt nisbətən hazır ola, çətinlik çəkməyəsən. Fasilədə bunu etməyəndə, təbii ki, hazırlığın əvvəlində müəyyən çətinliklər, problemlər yaranacaq. Gün ərzində 10-15 dəqiqə qaçmaq heç kimə əziyyət verməz. Düzdür, istirahətdə olduğumuz zaman bəzən buna tam əməl edə bilmirik. Heç mən də verilən planı tam şəkildə yerinə yetirməmişəm.

- Niyə?
- Heç nə mane olmayıb. Ümumiyyətlə məşqdən qorxan insan deyiləm. Meydana çıxdımsa, sona qədər mübarizə aparacam, heç nədən qorxmuram. Əsas problem meydana çıxana qədərdir. Yəni ərincək insanam. Fikirləşirəm ki, dincəlim, sabah edərəm.

- Artıq püşkatma baş tutub. Klublarımızın avrokuboklardakı rəqibləri müəyyənləşib. Bununla bağlı nə deyə bilərsən?
- Püşkdən çox şey asılıdır. Komandalarımıza uğurlar arzulayıram. İnşallah, mərhələ keçib reytinq xalı toplayarlar. Öz komandalarımızın da hansı vəziyyət olduğunu bilmirəm. Çünki görməmişəm. Avropada fərqli futbol oynayırlar. Məsələn, “Fənərbaxça” bir neçə il ardıcıl Türkiyə çempionu olsa da, Avropada heç nə ilə yadda qalmırdı. Sonradan onlar da Avropa futboluna ayaq uyğunlaşdırmağa çalışdı və nəticə qazanmağa başladı. Həmin prosesi bizim klublar da keçir. Düşünürəm ki, ötənilki səhvləri etməyəcəklər.

- Klublarımızın transferlərindən xəbərdarsan?
- “Neftçi”nin heyətinə qatdığı Rəşad Sadiqov, Julios Vobay və Bruno Bertuççi yaxşı futbolçulardır. “İnter”in təcrübəli futbolçularla gücləndiyindən xəbərim var. “Xəzər Lənkəran” isə pis klub deyil. Futbolu bilən yaxşı məşqçisi var. Yunis Hüseynov özü də yaxşı futbolçu olub. Amma istəyirəm ki, təmsilçilərimizin hamısı mərhələ adlasın.

- Digər klublarımız transfer çalışmalarını sürətləndirsə də, “Qarabağ”da sakitlikdi. Bu nə ilə bağlıdır?
- Yəqin ki, yeni futbolçular təlim-məşq toplanışına gələcəklər. Çünki “Qarabağ” legioner transfer edərkən onu əvvəlcə hazırlıq prosesində yoxlayır. Buna görə də bir qədər sakitlikdir.

- Hansı mövqeləri gücləndirməyə ehtiyac var?
- Hər mövqeni gücləndirməyin ziyanı yoxdur. Yadınızdadırsa, ötən il çempionata yaxşı başladıq və bir neçə oyunda qələbə qazandıq. Amma eyni heyətlə meydana çıxdığımıza görə, tədricən yorğunluq özünü büruzə verdi və eniş yaşandı. “Bakı” bizimlə kubok oyununa başqa heyətlə çıxdı, çempionat matçına fərqli oyunçularla. Bu da onların heyətlərinin geniş olmasından doğurdu. Heyətdə yaxşı futbolçu nə qədər çox olsa, ancaq xeyrimizədir.

- Çoxları elə düşünür ki, “Qarabağ” özü avrokuboklara vəsiqə qazanmaq istəmədi. Çünki futbolçuların əksəriyyəti dincəlmək istəyirdi...
- Bu, absurd fikirdir. Hansı komanda istəməz ki, avrokuboklarda oynamasın? Biz də avrokuboklara vəsiqə qazanmaq üçün əziyyət çəkdik. Amma alınmadı.

- Avropa çempionatını necə, izləyirsən?
- Baxıram. İtaliyaya azarkeşlik edirəm. Bu ölkədən xoşum gəlir. Amma bu gün ispanlar daha güclü oynayırlar.

- Yəni İspaniya çempion olacaq?
- Bunu Allah bilir. Fikrimcə, İtaliya-İspaniya finalı olacaq.