“Simurq” 4 legioneri baxışdan keçirir
26.06.2012 - 09:45
“Simurq” 4 legioneri baxışdan keçirir
Növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 23-ü səhər Türkiyəyə yollanan Zaqatala təmsilçisi Kartəpə istirahət zonasında yerləşən "Green Park" hotelində məskunlaşıb. Bir günlük istirahətdən sonra hazırlıqlara başlayan Georgi Çixradzenin yetirmələri gündə iki dəfə olmaqla məşqləri davam etdirir. Məşqçilər korpusunun əsasən fiziki ağırlıqlı tapşırıqlarını yerinə yetirən komanda iyulun 6-da vətənə dönəcək.

"Simurq"un düşərgəsinə artıq dörd yeni legioner qoşulub. Bunlar Mozambik yığmasının üzvləri - müdafiəçi Joao Euriko Martins Aguair və hüçumçu Sonitodur. Bu futbolçularla yanaşı, serbiyalı yarımmüdafiəçi Novkovic və makedoniyalı hücuma meylli yarımmüdafiəçi Vasko Miterev də komanda ilə birgə gündəlik məşqlərə çıxır. Hazırda baxışda olan bu futbolçular haqqında son qərarı Çixradze verəcək.