Milli komandamızın rəqibi prezident təyinatını gözləməlidir
26.06.2012 - 12:45
Milli komandamızın rəqibi prezident təyinatını gözləməlidir
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasında yeni baş məşqçi təyinatı bir qədər də yubanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenkonun istefa verməyidir.

Rusiyanın prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yeni çalışdırıcının təyinatı yalnız RFİ-yə yeni rəhbər təyin olunandan sonra irəli sürüləcək: “Rusiya yığmasının Avropa çempionatında uğursuz çıxışının fonunda Fursenkonun qərarı anlaşılandır. Dik Advokatın baş məşqçi postunda qala bilməyəcəyi də aşkardır. Buna görə də Rusiya Futbol İttifaqına yeni prezident gəlməyənə kimi vaxt tələb olunacaq. Buna aydınlıq gələndən sonra baş məşqçi postuna namizəd də müəyyənləşəcək”.

Qeyd edək ki, qurumun növbədənkənar konfransına 40 təqvim gününə qədər prezident postuna namizədlər müəyyənləşməlidir.