“Xəzər Lənkəran” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB
27.06.2012 - 21:43
“Xəzər Lənkəran” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB
Bu gün “Xəzər Lənkəran” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun baş məşqçisi olduğu komanda əvvəlcədən planlaşdırıldığı kimi Bolqarıstanın yüksək liqa təmsilçisi olan “Lokomotiv”lə deyil, başqa klubla qarşılaşıb.

Belə ki, lənkəranlılar Plovdiv təmsilçisi əvəzinə Çexiyanın “Dinamo” (Çeşke Budeyoviçe) klubu ilə üz-üzə gəlib. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 21:00-da) başlayan matç çexiyalıların 5:2 hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə rəqiblə başa-baş mübarizə aparan “Xəzər Lənkəran”ın məğlubiyyətinə daha çox ikinci hissədəki dəyişikliklər səbəb olub. Belə ki, Hüseynov sərəncamında olan bütün futbolçulara bu qarşılaşmada şans verməyi lazım bilib. Gənclər və baxışda olanlar isə start “11-liy”ini layiqincə əvəzləyə bilməyib.

Lənkəranlılar bu matçla Avstriyadakı 3 həftəlik hazırlıq prosesini başa vuraraq, ayın 29-da Vətənə qayıdacaq. Cənub təmsilçisi Avstriyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq”ə 6:0 hesabı ilə qalib gəlib, Kiyev “Dinamo”suna 0:2 hesabı ilə uduzub, Rumıniyanın “Vaslui” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.

“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “DİNAMO” (ÇEŞKE-BUDEYOVİÇE, ÇEXİYA) - 2:5

XƏZƏR LƏNKƏRAN: Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Ruslan Abışov, Sadio Tounkara, Roberto Alviz, Rahid Əmirquliyev, Rikardo Qomeş, Adrian Pit, Rendal Brenes

Oyunun 8-ci dəqiqəsində Rahid Əmirquliyev hesabı açdı. Komandanın kapitanı Rendal Brenesin ötürməsindən sonra 20 metrdən vurduğu güclü zərbə ilə qapıçını məyus etdi.
20-ci dəqiqədə Çexiya təmsilçisi hesabı bərabərləşdirdi.
İkinci hissə başlayan kimi təmsilçimiz yenidən önə keçdi. Bu dəfə Branimir Subaşiçin ötürməsindən sonra Sadio fərqləndi.
Çexiyalılar qoldan sonrakı ilk hücumda hesabda tarazlığı bərpa etdilər - 2:2.
69-cu dəqiqədə çexiyalılar matçda ilk dəfə hesabda önə keçməyi bacardı - 2:3.
Çexiyalı futbolçular daha bir qol vurub hesabı 4:2-yə çatdırırlar.
Son dəqiqələrdə çexiyalılar daha 1 top vurub fərqi 3-ə çatdırdılar.