Enyo Krastovçev: MOİK “Bakı”dan daha güclü komandadır
27.06.2012 - 11:30
Enyo Krastovçev: MOİK “Bakı”dan daha güclü komandadır
“Bakı” çox varlı klubdur. Dəqiq məbləğ deyə bilmərəm, amma futbolçularının yüksək maaşı var. Buna baxmayaraq onlarda nə isə çatmır və ötən mövsümü yalnız 6-cı yerdə bitirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun sabiq futbolçusu bolqarıstanlı Enyo Krastovçebv deyib.

Ölkəmizdə AZAL-ın da şərəfini qorumuş hücumçu Avropa Liqasının püşkündən sonra Bolqarıstan mətbuatına açıqlama verib. Enyo II təsnifat mərhələsində Sofiya MOİK-inin potensial rəqibi olan “Bakı” haqda danışıb: “Yeni idman bazaları var. Çoxlu pərəstişkara malik komandanı beynəlxalq oyunlarda digər klubların da fanatları dəstəkləyir. Heyətində həm yerli, həm də legioner futbolçular var. Latviyalılar Maris Verpakovski və Denis İvanov da “Bakı”da oynayır. Sonradan ispaniyalı Kokeni də aldılar. Yayda Bakıda oynamaq dəhşətdir. Mən mayda Bolqarıstana qayıdanda orda artıq 34 dərəcə isti var idi. İndi isə 40, bəlkə də 45 dərəcədir. Üstəlik orada rütubət çoxdur, nəfəs almaq çətindir. Lakin MOİK daha yaxşı komandadır və “bakı” ilə qarşılaşsa qələbəyə iddia edəcək. Təbii ki, Bakıdakı oyun müəyyən qədər asan olmayacaq”.

Qeyd edək ki, MOİK “Bakı” (Azərbaycan) – “Mura” (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.