“Lomayanın geyimi belə çirklənməmişdi” - MÜSAHİBƏ
11.07.2012 - 11:37
“Lomayanın geyimi belə çirklənməmişdi” - MÜSAHİBƏ
Bakının “İnter” klubunun futbolçusu Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

- “Trans”la cavab oyununun hazırlığı necə gedir?
- Estoniyadan döndükdən sonra bir gün istirahət etdik. Ertəsi gün trenajor zalında hazırlıq keçdik. Son beş gündür məşqlərimizi oyunun keçiriləcəyi “Dalğa Arena”da reallaşdırırıq.

- İlk oyunda 5 cavabsız topla qələbə qazanmaq hardasa cavab matçını formallığa çevirirmi?
- Baş məşqçi bizimlə söhbətində dedi ki, indi hamı bu oyundan danışır. Qazandığımız nəticə çoxlarını sevindirir. Bu klublarımızın səfərdə ilk belə hesablı qələbəsidir. Ancaq futbolda arxayınlaşmaq olmaz. Yəni 5:0-dan sonra əksəriyyətiniz düşünməyin ki, onlar bizə 6 top vura bilməzlər. Amma meydanda ajiotaj da yaratmaq yersizdir. Birinci oyunu unudub, sanki ilk matça çıxırıq kimi işimizi davam etdirəcəyik. “Dalğa Arena”dakı qarşılaşma azarkeşlərimizin gözü qarşısında keçiriləcək. Onları sevindirməliyik. Məsuliyyətimizi dərk edirik. Yaradacağımız qol epizodlarından maksimum istifadə edəcəyik.

- Hesabın belə böyük olması rəqibin həddən artıq zəif olması anlamına gəlmir?
- Rəqib elə də zəif komanda deyil, sadəcə həmin matçda biz daha yaxşı oynadıq. Onlar bizdən belə oyun gözləmirdilər. Bunu oyundan sonra müsahibələrində dəfələrlə qeyd ediblər. Rəqibin qapımıza doğru dəqiq zərbəsi olmadı. Hətta qapıçımız Lomayanın geyimi belə çirklənməmişdi. Uşaqlar epizodların hamısını reallaşdırsa idi, fərq daha böyük ola bilərdi. Bir dəfə top dirəyə dəydi, digər epizodlarda qapıçıları yaxşı oynadı.

- Belə başa düşdüm ki, komandada arxayınçılıq yoxdur...
- Əlbəttə, arxayınçılıq yoxdur. Baş məşqçimiz nizam-intizamı sevən insandır və futbolçulardan bunu tələb edir. O, daim komandanı nəzarətdə saxlayır. Çıxıb oynamalı olduğumuzu anladır, bizə.

- Bu cür hesabı gözləyirdiniz?
- Etiraf edim ki, özümüz belə hesabla qələbə qazanacağımızı gözləmirdik. Rəqibin oyunlarının videoyazısını izləmişdik. Zəif və güclü cəhətlərini bildirdik.

- Adınız matçın protokolunda olsa da, meydana çıxmamağınız nə ilə bağlı idi?
- Komanda iyunun 1-dən hazırlığa başlayıb və 15 gün Türkiyədə fiziki hazırlıq üzrə ağır məşqlər keçiblər. Həmin vaxt mən yığmanın düşərgəsindən döndüyümdən dincəlirdim. Həm də “Neftçi”dən ayrılacağımı bilmirdim. Buna görə də fiziki hazırlığım tam qaydasında deyildi. Baş məşqçi məşq prosesində bunu görür və kim hazırdırsa, ona da oynamaq imkanı verir. Onunla razılaşmaya bilməzdim.

- Cavab oyununda Kaxaber Sxadadzenin əsasən ehtiyat qüvvəyə şans verəcəyi gözlənilir. Bu baxımdan sizin də meydana çıxacağını düşünmək olarmı?
- “Standard”da işləyən vaxtdan onu tanıyıram. “Neftçi”dən ayrılan vaxt məni komandasında görmək istədiyini dedi. İlk oyunda oynamamağımın səbəbini bayaq izah etdim. Artıq 4-5 gün vaxt keçib. Məşqdən sonra qalıb əlavə çalışıram. Hiss edirəm ki, cavab oyununda oynamaq şansı qazanacam.

- “Trans” səddini aşdıqdan sonra Yunanıstanın “Asteras” klubu ilə qarşılaşacaqsınız. Növbəti rəqibi keçməyə “İnter”in gücü çatacaqmı?
- Hələ bizi “Trans”la cavab oyunu gözləyir. Bu oyundan sonra növbəti mərhələ haqda danışmaq olar. Çünki indi yunanlar haqda düşünsək, bu bizə daha başa gələcək.

- Həmin gün “Bakı”da meydana çıxacaq. Necə düşünürsünüz, onlar mərhələ adlaya biləcəkmi?
- “Bakı” və “Xəzər Lənkəran”ın evdə qələbə qazana bilməməsi bizi çox məyus etdi. Çünki hamımız Azərbaycanı təmsil edirik. Yəqin “Bakı” hazırlıq prosesi zamanı qazandığı qələbədən sonra arxayınlaşıb. Çünki “zolaqlılar”ın heyətində kifayət qədər güclü futbolçular cəmləşib.

- Bəs sabiq komandanız olan “Neftçi”nin “Zestafoni” ilə duelindən nə gözləyirsiniz?
- Komandadakı gürcü futbolçulardan “Zestafoni” haqda müəyyən şeylər öyrənmişəm. Rəqibin güclü olduğunu deyirlər. Son 2-3 ildir “Zestafoni”nin üzvləri bir yerdə çıxış edirlər. Özüm də internetdə onların oyunlarına baxmışam. Həqiqətən də səviyyəli komandadır. Xüsusilə Gürcüstandakı oyun çox çətin keçəcək. Bakıda “Neftçi”nin udacağını gözləyirəm. Sonda təmsilçilərimizin hamısına uğurlar arzulayıram.